...

"Azərsu" ASC-də Maliyyə və Uçot İdarəsi yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 18:16 (UTC +04:00)
"Azərsu" ASC-də Maliyyə və Uçot İdarəsi yaradılıb.
"Azərsu" ASC-də Maliyyə və Uçot İdarəsi yaradılıb

Azərbaycan, Bakı, 30 aprel /Trend/

"Azərsu" ASC maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması istiqamətində işləri davam etdirir və beynəlxalq standartlara keçidlə əlaqədar bütün maddi və qeyri-maddi aktivlərinin yenidən qiymətləndirilməsi, bu sahədə informasiya texnologiyaları sisteminin tətbiqi işlərinin yerinə yetirilməsi sürətləndirilib.

ASC-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qeyd olunan işlərin yerinə yetirilməsi məqsədilə beynəlxalq standartların tətbiqi sahəsində böyük təcrübəsi olan nüfuzlu "Ernst &Young" şirkəti ilə məsləhət xidməti göstərilməsi üçün müqavilə imzalanıb və cari ilin əvvəlində şirkət MHBS-yə keçid planını hazırlayaraq ASC-yə təqdim edib. Keçid planına uyğun olaraq, "Azərsu"da müəyyən işlər görülüb, qarşıya çıxan məsələlərlə bağlı tövsiyələr vermək və görüləcək işlərin istiqamətləndirilməsini həyata keçirmək məqsədilə nəzarətedici orqan rolunu həyata keçirən komissiya yaradılıb.

"Ernst &Young" şirkətinin təkliflərinə uyğun olaraq, Səhmdar Cəmiyyətin maliyyə strukturunda dəyişiklik edilib və 5 şöbədən (Mühasibat uçotu və hesabatı şöbəsi, Maliyyə hesabatlarının konsolidasiyası şöbəsi, Maliyyə və vergilər şöbəsi, Əsaslı fondların idarə edilməsi şöbəsi, Mühasibat uçotunun metodologiyası şöbəsi) ibarət Maliyyə və Uçot İdarəsi yaradılıb. Mühasibat uçotu, insan resursları və konsolidasiya sistemlərinin avtomatlaşdırılması üçün 1C proqramının tətbiqi qərara alınıb, bu məqsədlə komissiyanın üzvləri təcrübə keçmək üçün Moskva şəhərinə ezam edilib.

MHBS-yə keçidlə əlaqədar "Azərsu" ASC-nin əməkdaşları üçün peşəkar təşkilatlar tərəfindən ixtisasartırma kursları təşkil edilir və bu kursların gələcəkdə də davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti