Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Ə.Həsənov/
Azərbaycanın "Joint Leasing" lizinq şirkəti bu ilin ilk rübü ərzində portfelini 3,4 milyon manat artırıb, şirkətin lizinq portfeli 1 aprel 2012-ci il tarixinə 32,86 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.
"Şirkət lizinqin bütün növlərini təklif edir və maliyyə imkanları baxımından hazırda Azərbaycanın lizinq bazarının ən fəal iştirakçısıdır" , - şirkətin baş direktoru Elçin Əhmədov bildirib.
Ümumilikdə, maliyyələşdirilmiş layihələrin sayı bu ilin 1 aprel tarixinə 188-ə çatıb. Həmin tarixə maliyyələşdirilmiş avadanlıqların dəyəri isə 26,12 milyon manat olub ki, bundan da 1,67 milyon manatlıq avadanlıq bu ilin yanvar-aprel ayları ərzində maliyyələşdiriləndir. Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir.
Şirkət bu ilin sonuna kimi maliyyələşdirdiyi layihələrin sayını və həcmini artırmaqda davam edəcək. Şirkətin səhmdarı olan, ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi sayəsində ən iri lizinq layihələrini belə qarşılamağa hazır olan "Joint Leasing" ilin sonuna kimi göstəricilərini daha da yaxşılaşdırmaq niyyətindədir.
"Joint Leasing Company" 2007-ci il 14 iyun tarixindən etibarən "Azərlizinq" şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. "Joint Leasing" şirkətinin təsisçiləri Böyük Britaniyanın DH Leasing LTD şirkəti (52,3 faiz) və Azərbaycan Beynəlxalq Bankıdır. Azərbaycanın ilk lizinq şirkəti olan "Azərilizinq" birgə müəssisəsi (indiki adı "Joint Leasing Company") 1999-cu ildə yaradılıb.