...

Azərbaycan ticarət gəmiçiliyi sahəsində lisenziyalaşdırmanı qanuniləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2012 18:25 (UTC +04:00)
Milli Məclis çərşənbə axşamı "Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklər haqqında" qanunu qəbul edib.
Azərbaycan ticarət gəmiçiliyi sahəsində lisenziyalaşdırmanı qanuniləşdirib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Axundov/

Milli Məclis çərşənbə axşamı "Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklər haqqında" qanunu qəbul edib.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən, Azərbaycanda ticarət gəmiçiliyi sahəsində su nəqliyyatı ilə yük və sərnişindaşıma üzrə fəaliyyətin həyata keçirilməsi üçün xüsusi icazənin (lisenziya) alınması tələb ediləcək.

Bundan başqa, dəyişikliklərə əsasən, gəmi sahibləri bunker yanacağı ilə suların çirklənməsi nəticəsində dəymiş ziyana görə mülki məsuliyyətin sığortalanması və ya digər maliyyələşdirməni təmin etmək haqqında sertifikat təqdim etməlidir.

Dəyişikliklər, həmçinin xarici ölkələrin bayrağı altında üzən və Azərbaycanın dəniz limanları ərazisinə daxil olan gəmilərin orta illik sayının minimum 1/4-də (bu say son üç ilin göstəriciləri əsasında hesablanmalıdır) yoxlamaların aparılmasını nəzərdə tutur.

Bundan başqa, ölkə parlamenti "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında", "Patent haqqında", "Ticarət nişanları və coğrafi işarələr haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara dəyişikliklərin edilməsi barədə qanunlar qəbul edib.

Parlament, həmçinin "Ölçü vahidlərinin təmin edilməsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və xüsusən Dövlət Metrologiya Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə istiqamətlənib.

Qanun ölçü vahidlərinin təmin edilməsi, onlara qarşı tələblər, vahidlərin sayının etalonu, standart nümunələri, ölçü vasitələri, ölçü metodikasi, habelə onların təmin edilməsi üzrə təbdirlər üçün hüquqi və təşkilati baza müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti