Azərbaycan, Bakı, 5 iyun /Trend/
Azərbaycan bankı "AtaBank" ASC-nin dəstəyi ilə "AtaHoldinq" şirkətlər qrupunun əməkdaşları arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş futbol turnirinə start verilib.
Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyun ayının 1-15-də Bakı Tennis Akademiyasında keçiriləcək futbol turnirində "AtaHoldinq" şirkətlər qrupunun əməkdaşlarından ibarət 12 komanda 4 qrupda iştirak edəcək.
Yarışın açılış mərasimində "AtaBank" ASC-nin idarə heyəti sədrinin birinci müavini Müseyib Əliyev bildirib ki, 2012-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "İdman ili" elan edilməsi ilə bağlı olaraq "AtaBank" ASC tərəfindən "AtaHoldinq" şirkətlər qrupunun əməkdaşları arasında 15 iyun - Qurtuluş Gününə həsr olunmuş idman turniri keçirilir.
"AtaHoldinq" şirkətlər qrupunun əməkdaşları mütəmadi olaraq müxtəlif idman yarışlarında və futbol turnirlərində iştirak edirlər. Keçiriləcək futbol turnirində I, II və III yerlər üzrə mükafatlar 15 iyun 2012-ci il tarixində təntənəli şəkildə qaliblərə təqdim ediləcək.
Eyni zamanda, Əliyev onu da əlavə edib ki, bank tərəfindən gələcəkdə daha böyük formatda idmanın müxtəlif növləri üzrə də yarışların təşkil edilməsi nəzərdə tutulur. Turnirin keçirilməsi əməkdaşlar arasında kollektiv ruhunun daha da yüksəldilməsinə, həmçinin, futbola olan marağın artmasına və bu növ turnirlərdə fəal iştirakına güclü təkan verəcək.
"AtaBank" ASC ölkənin bank sistemində əsas aparıcı banklardan biri sayılır. Hazırda bankın Bakı şəhərində və respublikanın müxtəlif regionlarında 24 filial və şöbəsi fəaliyyət göstərərir. Cari ilin birinci rübünün yekunlarına əsasən, bankın xalis aktivləri 227,1 milyon manat, kredit portfeli 154,5 milyon manat, müddətli depozit portfeli 163,4 milyon manat, məcmu kapitalı isə 30,4 milyon manat olub. Bank tərəfindən müxtəlif ictimai-iaşə, xidmət və ticarət obyektlərində quraşdırılmış POS-terminalların sayı 8000 ədəd, bankomatların sayı isə 70 ədəd təşkil edir.