...

Azərbaycanda su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmaq üçün texniki şərtlərin verilmə müddəti azaldılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2014 18:10 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
Azərbaycanda su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmaq üçün texniki şərtlərin verilmə müddəti azaldılıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

Son illər Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda yeni su təchizatı və kanalizasiya infrastrukturlarının yaradılması xidmət göstərilən abunəçilərin əhatə dairəsinin genişlənməsinə səbəb olub. Bunun nəticəsində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinə qoşulan abunəçilərin sayında ciddi artım müşahidə olunur.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu sahədə görülmüş işlərlə paralel olaraq istehlakçıların su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının sadələşdirilməsi istiqamətində növbəti addım atılıb. Belə ki, indiyədək Bakı şəhəri və Abşeron rayonunda yaşayanlar texniki şərt almaq üçün birbaşa "Azərsu" ASC-yə müraciət edirdi. Bu sahədə aparılan islahatlar nəticəsində yerli sukanal idarələrində texniki şərtlərin verilməsi üçün lazımi şərait yaradılıb. Artıq abunəçilər sənədlərini rayon sukanal idarələrinə təqdim edib texniki şərtləri oradan ala bilərlər.

Texniki şərt almaq üçün şəxsiyyət vəsiqəsinin, həmçinin mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri təqdim edilməlidir. Müraciət edildikdən sonra "Azərsu" ASC-nin müvafiq sukanal idarəsinin mütəxəssisləri sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və "Su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi" Qaydalarının tələblərinə uyğun olaraq sənəd təsdiq edilir.

Tətbiq olunan yeniliklər nəticəsində texniki şərtlərin verilmə müddəti də azaldılıb. Belə ki, indiyədək texniki şərtlərin hazırlanması və təsdiqi prosedurası üçün 15 gün vaxt müəyyən edilmişdisə, artıq bu ildən vətəndaşlar həmin sənədlə cəmi 3 iş günü ərzində təmin olunurlar.

"Azərsu" ASC bir daha bəyan edir ki, əhali qrupu üçün texniki şərtin verilməsi, eləcə də su sayğaclarının quraşdırılması pulsuzdur. ASC vətəndaşlardan xahiş edir ki, texniki şərtin verilməsi və ya sayğac quraşdırılması zamanı hər hansı bürokratik amillə rastlaşdıqda dərhal 955 saylı Zəng Mərkəzinə məlumat versinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti