...

Böyük Şor gölündən altızolaqlı magistral yol salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 13:35 (UTC +04:00)
Böyük Şor gölü boyunca yolun tikintisi üçün lazım olan bəndin inşası 2015-ci ilin fevralın sonunda başa çatacaq.
Böyük Şor gölündən altızolaqlı magistral yol salınacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Əliyev/

Böyük Şor gölü boyunca yolun tikintisi üçün lazım olan bəndin inşası 2015-ci ilin fevralın sonunda başa çatacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Abşeron göllərinin bərpası layihəsinin podratçısı "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Z.İbrahimov deyib: "Gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə gölün Olimpiya stadionunun tikildiyi yerin yaxınlığında yerləşən təxminən 300 hektar ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün tarixən neftlə çirklənmiş şimal hissəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması və təcrid edilməsi nəzərdə tutulub".

Altızolaqlı magistral şose şəklində layihələndirilmiş ərazinin qərb sərhədlərini müəyyən edən bənd bir tərəfdən Ziya Bünyadov prospekti ilə, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşəcək. Bu, öz növbəsində şəhərin yol infrastrukturunun yükünü azaldacaq. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcək. Gölə yağış sularının axıdılmasının qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına göndəriləcək. Gölün çirklənmiş lildən təmizlənməsi və ya onun zərərsizləşdirilməsi, eləcə də gölün ətrafındakı tullantıların qanunsuz atılması sahəsinin ləğv ediləcəyi planlaşdırılır.

Z.İbrahimovun sözlərinə görə, gölün cənub sahilində yağış sularına tam sədd qoyulacaq, burada geniş abadlıq işləri həyata keçiriləcək, park və yaşıllaşdırma zolaqları yaradılacaq. Gölün çirklənməsinin qarşısının alınması məqsədilə stadion istiqamətində çirkab suları üçün kollektor tikiləcək. Sahil xətti kənarında gəzinti bulvarı, eləcə də stadionun ərazisinə keçid salınacaq.

Onun sözlərinə görə, gölün tam bərpa edilməsinin ikinci mərhələsi 2015-2020-ci illəri əhatə edəcək: "Bununla da göl özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti