Azərbaycan, Bakı, 6 may /Trend/
Bu günlərdə "Cənub Qaz Dəhlizi" QSC-nin istiqrazlarının emissiyası prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmışdır. İstiqrazlar kütləvi satış üsulu ilə Bakı Fond Birjasında satışa çıxarılmış, alıcı tərəfi təmsil edən broker şirkəti olaraq InvestAZ investisiya şirkəti seçilmişdir.
Şirkətdən Trend-ə verilən məlumata görə, emissiyanın ilkin buraxılışının tam həcmini Azərbaycan Respublikasının Dövlət Neft Fondu əldə etmişdir.
İstiqrazların emissiya həcmi 917 320 800 ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 9 173 208 ədəd, bir istiqrazın nominal dəyəri isə 100 ABŞ dolları təşkil edir. Bu Bakı Fond Birjasında həcminə görə keçirilmiş ən böyük əqddir. İstiqrazların tədavül müddəti 10 il istiqraz üzrə gəlirlilik 6 aylıq Libor +1%, faiz ödəniş dövrünün müddəti hər 6 aydan bir müəyyən olunub.
Qeyd edək ki, InvestAZ şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar Dövlət Kömitəsi tərəfindən broker və diler fəaliyyəti üzrə lisenziyalaşdırılmış investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür. Şirkətin əsas xidmətləri sırasına: - Broker fəaliyyəti üzrə (Səhmlər, Foreks, CFD, Fyuçerslər və Əmtəələr) dünya və yerli bazarlara çıxış imkanı; - BFB və BİS birjalarında Listinq və Kütləvi Yerləşdirmə xidmətləri üzrə eyni zamanda çıxış imkanı; - Aktivlərin İdarə Edilməsi üzrə Portfel və Fond idarəçiliyi; - İnvestorların maarifləndirilməsi və treyninqlərin təşkili.