...

Azərbaycan nümayəndə heyəti BMT Avropa İqtisadi Komissiyasının tədbirində və Geoməkan Dünya Forumunda iştirak edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2014 15:24 (UTC +04:00)
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə edilməsi Komitəsinin iclasında iştirak edib.
Azərbaycan nümayəndə heyəti BMT Avropa İqtisadi Komissiyasının tədbirində və Geoməkan Dünya Forumunda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə edilməsi Komitəsinin iclasında iştirak edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iclasda sözügedən komitənin 8 oktyabr 2013-cü il tarixində keçirilmiş 74-cü sessiyasında qəbul edilən 2014-2020-ci illər üçün BMT-nin Avropa İqtisadi Komissiyası regionunda Dayanıqlı Mənzil Təsərrüfatı və Daşınmaz Əmlak İdarəçiliyi Strategiyasının icra vəziyyəti, habelə BMT AİK regionu ölkələri üçün qəbul edilməsi zəruri sayılan Dayanıqlı Mənzil Təsərrüfatı Xartiyasının mətni müzakirə edilib.

Müzakirələrdə BMT AİK regionunun 56 üzv dövlətinin rəsmi nümayəndə heyətləri, eləcə də diplomatik missiyalarının nümayəndələri iştirak ediblər. Müzakirə və debatların idarə olunması BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri olan ƏMDK nümayəndəsi tərəfindən həyata keçirilib. Sonda Avropa İqtisadi Komissiyasının üzv dövlətlərinin iclasda iştirak edən nümayəndələrinin səsləndirdikləri bəzi təkliflər nəzərə alınmaqla Xartiyanın düzəldilmiş variantının layihəsi qəbul edilib və bu layihənin ölkə təmsilçilərinin iştirakı ilə yekun olaraq bir daha müzakirə edilməsi qərara alınıb.

Həmin gün Beynəlxalq Konfranslar Mərkəzində əmlak idarəçiliyi, mənzil təsərrüfatı və təbii sərvətlər nazirlərinin görüşü öz işinə başlayıb. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin də iştirak etdiyi bu tədbirdə Qananın daşınmaz əmlak və təbii sərvətlər naziri, Mavritaniya İslam Respublikasının mənzil təsərrüfatı və əmlak naziri, Hindistanın yer elmləri naziri, Malayziyanın təbii sərvətlər naziri, Kanadanın yer elmləri və təbii sərvətlər naziri, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun direktoru, Birləşmiş Ərəb Əmirliklərinin Bələdiyyə İşləri Nazirliyinin Torpaq və Əmlak Baş Direktorluğunun baş direktoru və Laqos Hökumətinin təsisatlar, təlim və pensiyalar üzrə fəxri komissarı iştirak ediblər. Görüş iştirakçıları daşınmaz əmlakın idarəçiliyi sahəsində ölkələrinin əldə etdikləri nailiyyətlər, üzləşdikləri çətinliklər, eləcə də gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.

Tədbirdə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri K.Həsənov çıxış edib. O, bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatının sürətli inkişafından, habelə daşınmaz əmlak idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində ölkədə həyata keçirilən zəruri tədbirlərdən danışıb.

Tədbirin sonunda görüş iştirakçıları auditoriyanın suallarını cavablandırıblar.

BMT AİK-in Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə edilməsi Komitəsinin iclası keçirilən ərəfədə - 5-9 may tarixlərində "Geoməkan Media və Kommunikasiyalar" beynəlxalq qurumu BMT AİK Katibliyi ilə birgə Geoməkan Dünya Forumu təşkil edib. Forum zamanı geoməkan sənayesi, geomühəndislik, daşınmaz əmlak idarəçiliyi və məkan ölçmə-monitorinq texnologiyalarının ən müasir cihaz, avadanlıq və xidmət məhsullarının nümayiş etdirildiyi sərgi təşkil olunub. Sərgidə "Trimble", "Topcon", "DigitalGlobe", "Hexagon", "Oracle", "Esri", "JRC", "Urisa", "OGC" və digər dünya şöhrətli beynəlxalq qurumların məhsulları nümayiş etdirilib.

Forum çərçivəsində "İntellektual şəhərlər üçün daşınmaz əmlak informasiya sistemləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə "Geoməkan Media və Kommunikasiyalar" qurumunun idarəedici redaktoru professor Arup Dasqupta açıb. O, "intellektual şəhər" (və ya "ağıllı şəhər") anlayışı barədə, habelə belə şəhərlərin qurulması, inkişaf etdirilməsi və idarə edilməsi zamanı mütərəqqi daşınmaz əmlak informasiya sistemlərinin vacib rolundan danışıb.

Konfransın açılış sessiyasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri K.Həsənov çıxış edib. O öz nitqində ölkə rəhbərliyi tərəfindən yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, son 10 il ərzində ölkədə gerçəkləşən genişmiqyaslı islahatlar, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının, habelə ünvan reyestrinin aparılması, eləcə də dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması sahələrinin ölkə üçün aktuallığını qeyd edib.

Açılış sessiyasında, həmçinin BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri olan ƏMDK nümayəndəsi də çıxış edib. Komitənin nümayəndəsi rəhbərlik etdiyi İşçi Qrupunun iş prinsiplərindən, habelə İşçi Qrupu tərəfindən AİK-in 56 üzv dövləti üçün hazırlanan "İntellektual Şəhərlərin Yaradılması Konsepsiyası"ndan danışıb.

İki gün davam edən beynəlxalq konfransda dünyanın 89 ölkəsinin yüksəksəviyyəli dövlət təmsilçiləri, ictimai birlik və beynəlxalq təşkilatlar, habelə özəl sektor numayəndələri, elmi işçilər və media üzvləri iştirak ediblər. Konfransda "intellektual" şəhər quruculuğu zamanı iqtisadi, sosial, ekoloji aspektlərin nəzərə alınması, habelə təbii sərvətlərdən düzgün istifadə və dövlət idarəçiliyinin təkmilləşdirilməsi çərçivəsində müasir daşınmaz əmlak informasiya sistemlərinin təşviqi məsələləri geniş müzakirə olunub.

Sonda konfrans zamanı əldə olunan biliklər və konfransın gələcək üçün müəyyən etdiyi qənaətləri bəyan edərək, BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri olan ƏMDK nümayəndəsi Geoməkan Dünya Forumunu və "İntellektual şəhərlər üçün daşınmaz əmlak informasiya sistemləri" beynəlxalq konfransını bağlı elan edib və tədbir iştirakçılarına işlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti