...

İstehlakçıların maarifləndirilməsi tədbirləri davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2014 17:23 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans Şirvanda təşkil edilib.
İstehlakçıların maarifləndirilməsi tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans Şirvanda təşkil edilib. Konfransda aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və 250-dən çox istehlakçı iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının etibarlı təminatının qarşıya qoyulmuş mühüm vəzifələrdən olduğunu və bu istiqamətdə Dövlət Xidməti tərəfindən tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. A.Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd edib, Xidmət tərəfindən bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, bu ilin ötən dövrü ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilib, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılıb, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlər hazırlanıb, xüsusilə də istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq istehlakçılara paylanılması maarifləndirmə işinə müsbət töhfə verib. Bu dövrdə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 57 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb. Bu sahədə işlər hazırda da davam etdirilir.

Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Konfransda Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə də çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Çıxış edənlər maarifləndirmə işlərinin mühüm əhəmiyyətini bir daha vurğulayıb, istehlakçıların isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub. Çıxışlarda maarifləndirmə işləri ilə yanaşı, inzibati tədbirlərin də görüldüyü vurğulanıb. Belə ki, ilin əvvəlindən həyata keçirilmiş dövlət nəzarəti tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 27,6 ton müxtəlif növ ərzaq, 0,3 ton qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və facebook səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti