Azərbaycan, Bakı, 13 noyabr /Trend/
12-13 noyabr tarixlərində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Sənayedə brendləşmə" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninqlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 50-dən çox gəncin iştirak etdiyi treninqlərdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
Tədbir çərçivəsində iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, sənayedə brendləşmənin xüsusiyyətləri, brend məhsulların məqsədli bazarlara istiqamətlənməsi, www.icazeler.gov.az, www.b2b.az, elektron portalları və s. barədə ətraflı məlumat verilib.
Sonda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.