Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Maksim Tsurkov/
Bakı Fond Birjası (BFB) səhm və istiqrazların buraxılması prosesində yardım göstərmək məqsədilə emitent və səhmdarlar üçün konsultant listinq proqramı çərçivəsində üç şirkətlə danışıqlar aparır. Trend-in məlumatına görə, bunu BFB-nin Biznesin İnkişafı Departamentinin direktoru Abdulla İsayev IPO (səhmlərin açıq yerləşdirilməsi) ilə maraqlanan şirkətlər üçün seminarda deyib.
Onun sözlərinə görə, adıçəkilən proqram bu ilin aprelində başlayıb: "BFB proqram çərçivəsində 4 şirkətlə müxtəlif məsələlər üzrə danışıqlar aparıb. Nəticədə onlardan biri - "Embawood" şirkəti qısa müddət ərzində BFB-də listinq alan ilk qeyri-maliyyə şirkəti olub. Hazırda digər 3 şirkətlə danışıqlar davam edir".
BFB-nin İdarə Heyətinin sədri Fariz Əzizov jurnalistlərə bildirib ki, seminarda 20-dək şirkət iştirak edir: "Biz daha iki belə seminar keçirməyi planlaşdırırıq. Həmin seminarlarda daha 40 şirkətin iştirakı gözlənilir. Bu, şirkətlərin IPO-ya yüksək marağından xəbər verir".
Hazırda proqrama 10 tərəfdaş qoşulub: "Paşa Kapital", "Standard Kapital", "İnvestAZ" və "Chealsea Kapital" broker şirkətləri, KPMG, "Baker&Tilly", "PwC" və EY auditor şirkətlərinin Azərbaycan ofisləri, "Dentons" və "Baker&McKenzie" hüquq şirkətləri.