Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Azad Həsənli/
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 209,5 milyon manatı (74 faiz) qeyri-həyat sığortasının payına düşüb. 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 11,3 faiz artıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatında deyilir.
7 ay ərzində sığorta ödənişlərinin 73,4 milyon manatını (70 faiz) qeyri-həyat sığortası təşkil edib. Bu 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 28,7 milyon manatı (39,1 faiz) tibbi sığortanın payına düşüb.
Qeyri-həyat sığortası üzrə yığımların 46,5 milyon manatı (22,2 faiz) tibbi sığortanın, 45,5 milyon manatı (21,7 faiz) avtomobillərin icbari sığortasının, 19,5 milyon manatı (9,3 faiz) daşınmaz əmlakın icbari sığortasının, 18,4 milyon manatı (8,8 faiz) kasko sığortasının, 18,1 milyon manatı (8,7 faiz) əmlakın yanğından və digər risklərdən sığortasının, qalan 61,5 milyon manatı (29,3 faiz) isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 35 manatı ödəniş edilib. 2014-cü ilin ilk 7 ayında isə bu rəqəm 38,9 manat olub.