...

Qobustanın içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması yekunlaşır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2016 16:50 (UTC +04:00)
Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.
Qobustanın içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması yekunlaşır (FOTO)

Bakı. Trend:

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.

Bu barədə Trend-ə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərininin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Qobustan rayonunun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək. Ümumilikdə, layihədən 14 minədək sakin faydalanacaq.

İnşasına 2015-ci ilin may ayının 10-da başlanan layihə çərçivəsində 6 ədəd subartezian quyusu qazılmış, ümumi uzunluğu 1055 metr olan quyulararası xəttin 550 metrlik, 7,2 km magistral xəttin isə 6,9 km hissəsində işlər başa çatmışdır, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarında isə tikinti işləri davam etirilir.

Şəhər üzrə layihələndirilmiş 61,4 km içməli su şəbəkənin 37 km-lik hissəsində işlər başa çatdırılmış, 850 yaxın evə birləşmə verilib. 59,2 km kanalizasiya şəbəkəsinin 46,8 km-lik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 1060 ədəd kanalizasiya baxış quyusu inşa edilib, 1653 ünvana birləşmə verilib.

Qobustan şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr olan tullantı sutəmizləyici qurğuda həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qusar şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq gedir, Qusarda su və kanalizasiya sistemlərinin tikintisi üzrə işlər yekunlaşmaq ərəfəsindədir, Xaçmaz və Xızıda isə içməli su və kanalizasiya sistemlərinin inşası işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti