...

"AzerGold": İri qızıl mədəninin istismara verilməsi iqtisadiyyata 300 milyon manata yaxın gəlir gətirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2018 11:00 (UTC +04:00)
Çovdar qızıl mədəninin istismara verilməsi ölkə iqtisadiyyatına 300 milyon manata yaxın gəlir gətirəcək.
"AzerGold": İri qızıl mədəninin istismara verilməsi iqtisadiyyata 300 milyon manata yaxın gəlir gətirəcək

Bakı. Trend:

Çovdar qızıl mədəninin istismara verilməsi ölkə iqtisadiyyatına 300 milyon manata yaxın gəlir gətirəcək.

Trend-in məlumatına görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Z.İbrahimov bildirib ki, 2015-ci il 11 fevral tarixi Azərbaycanın əlvan metal sənayesi üçün dönüş nöqtəsi olub. Prezident İlham Əliyevin məhz həmin tarixli sərəncamı ilə əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadənin təmin olunması, habelə bu sahənin beynəlxalq standartlara uyğun, tam şəffaf və müasir şəkildə inkişafı məqsədilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti təsis edildi. 2016-cı ilin ikinci yarısında Cəmiyyət fəaliyyətə başladı və qısa müddət ərzində korporativ strukturu, maddi-texniki bazanı və işçi heyətini formalaşdırdı.

QSC sədri bildirib ki, Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələri, Köhnəmədən sahəsi və Kürəkçay hövzəsinə dair iştirak payları “AzerGold” tərəfindən yerli banklardan cəlb edilmiş kredit vəsaiti hesabına alınıb və hazırda bu kredit öhdəliyi Cəmiyyət tərəfindən uğurla təşkil edilmiş qiymətlilərin satışından gələn daxilolmalar hesabına təmin olunur. “AzerGold” QSC-nin ilk hədəfi Daşkəsəndə yerləşən Çovdar qızıl mədəninin fəaliyyətinin bərpası, yerli əhalinin işlə təmin olunması və gəlirlərin formalaşdırılması olub.

Z.İbrahimov qeyd edib ki, 2017-ci ilin aprel-dekabr ayları ərzində 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 131,5 milyon manat, 2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 47,9 milyon manat, ümumilikdə isə 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 milyon manatdan çox gəlir əldə edilib. Qazanılan yüksək göstəricilər 2017-ci ildə “AzerGold” QSC-ni qeyri-neft sektorunun sənaye məhsullarının ixracında lider mövqelərə yüksəltdi. Bu gəlirlərin hesabına Cəmiyyət dövlət büdcəsindən vəsait cəlb etmədən müxtəlif təyinatlı kapital və cari xərclərin qarşılanmasını təmin edib, habelə üzərində olan bank borcunun ödəmə planını üstələməklə, ciddi azaldılmasına nail olub. Bundan əlavə, əldə edilən gəlir hesabına yeni sahələrin inkişafına yönələn ilkin investisiya qoyuluşları da həyata keçirilib.

Onun sözlərinə görə, Çovdar yatağında icra edilən və 2021-ci ildə başa çatacaq yerüstü filiz qatının istismarı dövründə ümumilikdə hasil ediləcək daha 129 min unsiya qızılın və 202 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 300 milyon manata yaxın məbləğdə gəlirin olması planlaşdırılır: “2021-ci ildə hasilata başlanması nəzərdə tutulan Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır. İlkin hesablamalara əsasən, layihənin 6 illik istismarı çərçivəsində 400 milyon manatdan artıq gəlirin əldə edilməsi nəzərdə tutulub. Əlavə olaraq, yatağın ehtiyatlarının artırılması istiqamətində sahənin yaxın və uzaq ərazilərində fəal kəşfiyyat və tədqiqat işləri aparılır”.

QSC sədri vurğulayıb ki, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır: “Hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcək. Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır”.

Z.İbrahimov deyib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində ən müasir avadanlıqların cəlb edilməsi ilə kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb.

O əlavə edib ki, ölkə ərazisində yeni yataqların müəyyən edilməsi məqsədilə kəşfiyyat işləri aparılır. Bu işlərin nəticəsində Göygöl inzibati rayonunda yerləşən Ağyoxuş perspektivli qızıl filizi sahəsi müəyyən edilib, aparılmış geofiziki işlər müsbət nəticə verib və 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb. Eyni zamanda, Tülallar perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti