Bakı. Trend:
Böyük Britaniyanın logistika şirkəti “FS Mackenzie” Orta Dəhliz vasitəsilə Avropaya yük daşımağı planlaşdırır.
Trend xəbər verir ki, bunu “FS Mackenzie”nin direktoru Andrey Qorbatov deyib.
"2012-ci ildən etibarən "FS Mackenzie" Qafqazda mövqelərini gücləndirir. Tbilisidə ilk ofisini açdıqdan sonra şirkət Gürcüstan filialı vasitəsilə Azərbaycana aktiv logistika əməliyyatları qurmağa başlayıb. İki il əvvəl “FS Mackenzie” Bakıda öz ofisini açaraq fəaliyyətini genişləndirib", – o bildirib.
Onun sözlərinə görə, Azərbaycandakı nümayəndəliyi hələlik kiçik olsa da, şirkət inamla həcmlərini artırır və bu bazarda daha da inkişaf üçün əhəmiyyətli potensial görür.
"FS Mackenzie" Çindən, Mərkəzi Asiyadan, Avropadan və Qafqazdan yük daşınmasında əsas əlaqə rolunu oynayan Orta Dəhliz vasitəsilə nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın və Gürcüstanın ərazisindən keçən bu dəmiryolu marşrutu sürətlə inkişaf edir. Son altı ay ərzində bu marşrutu uğurla sınaqdan keçirdik və konteynerləri göndərməkdə davam edirik, eləcə də, Gürcüstan və Azərbaycanın bazarları üçün yüklərin daşınmasını həyata keçiririk", – A.Qorbatov vurğulayıb.