...

Sahibkarlar Milli Konfederasiyası korrupsiya ilə mübarizəyə dair hesabatı Əli Bayramlıda müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2006 18:17 (UTC +04:00)

Azərbaycanın Sahibkarlar Milli Konfederasiyası (ASMK) martın 28-də Əli Bayramlıda sahibkarlıq subyektləri və yerli icra hakimiyyəti orqanları üçün korrupsiya ilə mübarizədə sahibkarların və onların ictimai təşkilatlarının rolunun gücləndirilməsi layihəsi çərçivəsində hazırlanmış hesabatın müzakirəsi məqsədilə növbəti dəyirmi masa keçirəcək.

Trend ASMK-nın məlumatına istinadən bildirir ki, layihə USAID-in maliyyələsi və Azərbaycanda "Avrasiya" Fondu nümayəndəliyinin dəstəyilə həyata keçiriləcək. Layihənin əsas məqsədi keçid mərhələsində sahibkarlar üçün əlverişli şərait yaradılmasıdır. Korrupsiya hallarının aradan qaldırılması üçün sahibkarların maarifləndirilməsi, birliklərin ictimai təsirinin artırılması, eləcə də ASMK-nın nəzdində yaradılmış korrupsiya ilə mübarizə mərkəzinin fəaliyyətinin Dövlət komissiyası ilə əlaqələndirilməsi məqsədi qarşıya qoyulur.

Hesabatın ilk müzakirəsi martın 15 -16-da Mingəçevirdə və Gəncədə keçirilib. Hesabat Bakı, Gəncə, Əli Bayramlı və Mingəçevirdən olan 150 sahibkar arasında aparılmış sorğu əsasında hazırlanıb.

ASMK korrupsiya faktlarının xüsusilə hansı istiqamətlərdə tez-tez baş verdiyini aşkar etmək üçün araşdırmalar aparıb. Hesabat dəyirmi masalar arxasında müzakirələr başa çatdıqdan dərhal sonra ictimaiyyətə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti