...

Euromoney jurnalı Azərbaycan Beynəlxalq Bankına ölkənin "Ən yaxşı bankı" adını verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2006 17:28 (UTC +04:00)

Amerikanın Euromoney jurnalı iyul sayında Euromoney Awards for Excellence 2006-nın "Ən yaxşı bank" (Best Bank) nominasiyası üzrə dünyanın müxtəlif regionlarının ölkələri arasında qalib bankların adını dərc edib. Trend in Beynəlxalq Bankın press-relizinə istinadən xəbər verdiyi kimi, Azərbaycan Beynəlxalq Bankı növbəti dəfə Azərbaycanın ("Mərkəzi və Şərqi Avropa" bölgəsi) ən yaxşı bankı hesab olunub.

Euromoney jurnalı 1969-cu ildən nəşr olunur və, ölkə rəhbərləri və dünyanın ən böyük şirkət başçıları da daxil olmaqla, onun dünyanın 160-dan çox ölkəsində yüz minlərlə oxucusu var. 2006-cı ildə jurnal artıq 8-ci dəfədir ki, ABB-ni milli bank sənayesinin lideri elan edir (Bank bu mükafatı ilk dəfə 1997-ci ildə alıb).

Qaliblər Euromoney jurnalının redaksiya üzvlərindən, bank və maliyyə məsləhətçilərindən ibarət komissiya tərəfindən seçilib. Qalibin seçilməsi üçün əsas meyarlar maliyyə, iqtisadi və başqa göstəricilər, həmçinin aktivlərin artması, gəlirliliyin çoxalması, strateji inkişaf, müştərilərə xidmət, rəqabət üstünlükləri və innovasiya məhsulları olub.

Bu ilin mart ayında ABB artıq Global Finance jurnalı tərəfindən Asiya regionu üzrə "İnkişaf etməkdə olan bazarların ən yaxşı bankı" mükafatına (2002-ci ildən etibarən 5-ci dəfə) layiq görülüb.

Xəbər lenti

Xəbər lenti