Azərbaycan, Bakı, / Trend müxbir S.Əliyev/ Xəzərin Azərbaycan sektorunda, "İnam" strukturunda kəşfiyyat quyusunun təkrar qazma işləri normal rejimdə həyata keçirilir. Bu barədə bazar ertəsi neft sənayesinin ekspertləri bildirib.
Ekspertlər bildirir ki, hazırda quyunun dərinliyi 400 metr təşkil edir. Əvvələr "BP Azərbaycan" şirkəti ("İnam" layihəsinin əməliyyatçısı) texniki səbəblər üzündən quyuda qazma işlərini dayandırıb və yeni quyunun qazılmasına başlayıb. Ekspertlərin hesablamalarına görə, quyuda gələcək qazma işləri nomal şəraitdə həyata keçiriləcək.
Quyunun noyabrın ortalarında başlanmış birinci gövdəsinin qazma işləri zamanı BP-nin qazma podratçısı 500 metr dərinliyində texniki çətinliklə qarşılaşıb. "Quyu artıq 1000 metr dərinliyində qazılıb, lakin təxminən 500 metr dərinlikdə yan sütun içəriyə doğru hərəkət etmir" - deyə BP Azərbaycandan bildiriblər.
BP Azərbaycanın nümayəndəsinin sözlərinə görə, işlərin texniki təhlükəsizliyini təmin etmək məqsədilə "İstiqlal" qazma qurğusu müqavilə sahəsində əvvəldən müəyyənləşdirilmiş məntəqəyə 50 metr irəli çəkilib və qazma işləri təkrarən başlayıb.
"Biz texniki problemlərin layihənin büdcəsinə və qazma işlərinin cədvəlinə təsir göstərməməsi üçün əlimizdən gələni etməyə hazırıq" - deyə BP Azərbaycanın nümayəndəsi qeyd edib. Cədvələ əsasən, qazma işləri 200 gündən çox çəkəcək.
"İnam" layihəsinin iştirakçıdarı ARDNŞ (50%), BP (25%, layihənin əməliyyatçısı), Koreyanın Milli Neft Korporasiyası (20%) və Shell (5%) şirkətləridir.