...

ARDNŞ Gürcüstanda şəxsi neft terminalını istismara buraxmağa hazırlaşır

Energetika Materials 7 Aprel 2008 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir S.Əliyev/ Kulevidə (Gürcüstanın Qara dəniz sahilləri) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni neft terminalı aprelin sonu - mayın əvvəlində işə salınacaq. Bu barədə bazar ertəsi layihəyə yaxın mənbədən məlumat verilib. "Hazırda bir neçə texniki sənədin təsdiq edilməsi qalıb" - deyə mənbədən bildiriblər.

Bu terminaldan ARDNŞ-nin, həmçinin, bu marşrutda maraqlı olacaq şirkətlərin neft və neft məhsullarının ixracı həyta keçiriləcək. Belə olan halda, ARDNŞ şəxsi yataqlarından neft hasil edən, onları ümumi gücü ildə 20 mln. ton olan iki şəxsi Neft Emalı Zavodunda emal edən və şəxsi neft ixracı terminalına malik olan vertikal-inteqral şirkətə çevriləcək. ARDNŞ -nin illik neft hasilatı həcmi təxminən 9 mln. ton təşkil edir, xammal emalı isə 6 mln. tonu üstələyir. ARDNŞ Gürcüstanda dəmir yolu vasitəsilə neft və neft məhsullarının nəqli ilə məşğul olan "Cross Caspian Oil and Gas Logistics" şirkətində 34 faizlik iştirak payına malikdir.

ARDNŞ-nin Gürcüstandakı yeni terminalı vasitəsilə ARDNŞ ilə imzalanan müqavilələr üzrə Qara dənizdə yüklənən neft məhsullarının nəqli, ola bilsin ki, neft nəqli nəzərdə tutulub. Ekspertlərin qiymətləndirməsinə görə, Kulevidəki yeni terminala hazırda Gürcüstanın Qara dəniz Batumi limanına göndərilən maye yüklərinin bir hissəisnin yenidən istiqamətləndirilməsi də mümkündür. Bu yüklər Azərbaycandan keçməklə, Xəzərin şərq sahili ilə Gürcüstana nəql olunur.

Ekspertlərin hesablamalarına görə, Kulevidən yüklərin boşaldılıb-yüklənmə tarifləri birmənalı şəkildə Batumi limanındakından yüksək olmayacaq. "Burada qiymətlər aşağı ola bilər, çünki Kulevi xətti Batumi xəttindən qısadır. Lakin 4 mln. tondan çox həcm daşınan zaman Gürcüstanda aşağı tariflərlə tətbiq olunur" - deyə ekspertlər bildirib.

Terminalın tikintisi üçün ARDNŞ ötən il 301 mln. dollar həcmində iri sindikatlaşdırılmış kredit əldə edib. On beş xarici bankın kredit sindikatına "Societe Generale" rəhbərlik edib. Kreditin 2009-cu ilədək qaytarılması nəzərdə tutulub.

Terminalın yükləyib-boşaltma gücü 9 mln. ton (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut) təşkil edir. Terminalın ehtiyat parkının ümumi tutumu 320 min kubmetrdir. Boşaldıb-yükləmə gücünün 20 mln. tonadək artırılması və ehtiyat parkının 380 min kubmetrədək genişləndirilməsi planlaşdırılır. Liman doqquz köməkçi gəmiyə də malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti