İranın tükənən nefti və tükənməyən problemləri- Trend-in icmalçısı

Energetika Materials 8 Aprel 2010 10:56 (UTC +04:00)
İranın nüvə problemi ilə əlaqədar beynəlxalq sanksiyalar və ABŞ-ın dünyanın iri neft şirkətlərinə təzyiqləri nəticəsində, ölkədə neft və qazın ixracı üçün əsas kapital və texnologiyalar ilə əlaqədar, son vaxtlar isə həmin məhsulların satışı ilə bağlı çətinliklər yaranıb.
İranın tükənən nefti və tükənməyən problemləri- Trend-in icmalçısı

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Trend-in Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

İranın nüvə problemi ilə əlaqədar beynəlxalq sanksiyalar və ABŞ-ın dünyanın iri neft şirkətlərinə təzyiqləri nəticəsində, ölkədə neft və qazın ixracı üçün əsas kapital və texnologiyalar ilə əlaqədar, son vaxtlar isə həmin məhsulların satışı ilə bağlı çətinliklər yaranıb.

İranın Neft və Neft Məhsullarının İxracı İttifaqının rəhbəri Həmid Hüseyni İSNA agentliyinə müsahibəsində bildirib ki, Hindistan, Yaponiya və Çin İrandan neft idxalını azaldıblar. O deyib ki, İslam Respublikası kiçik bazarlar, ölkələr və şirkətlərlə əməkdaşlığı genişləndirməlidir, çünki onlar ABŞ-ın təzyiqi altında deyil.

Hazırda İran hər gün 2,3 milyon barel neftin satışını həyata keçirir ki, bunun da 85%-i inkişaf etmiş ölkələrin payına düşür.

İrandan hər gün 100 min bareldən çox neft alan ölkələr sırasında Hindistan (250 min barel), Çin (200 min barel), Yaponiya (480 min barel), İtaliya (160 min barel), İspaniya (210 min barel) və Fransa da (100 min barel) var. Onlar ABŞ-la yüksək səviyyədə siyasi-iqtisadi münasibətlərə malikdir.

İranmənşəli professor Rza Tağızadə (Qlazqo Universiteti) Trend-ə deyib ki, iri neft konsorsiumlarının və ölkələrin kiçik şirkətlər, bazarlar və ölkələrlə əvəz olunması İran üçün böyük problem yaradacaq.

Mənfi amillərin sırasında kiçik şirkətlərin etibarlı olmamasını, onlarda neft nəqlinin sığorta sisteminin yoxluğunu, ödənişlərin həyata keçirilməsi ilə bağlı çətinlikləri, həmçinin, pulların bank hesablarına köçürülməsindəki problemləri qeyd etmək mümkündür.

Son iki ayda İran neftinin Çinə satış həcminin 50 faiz, yəni gündə 200 min barelə qədər azalması, eləcə də Hindistanın "Relince" şirkətinin İran neftinin idxalını dayandırması (gün ərzində 90 min barel) rəsmi Tehranın narahatlığına səbəb olmalıdır.

2005-ci ildə İran Prezidenti Mahmud Əhmədinejadın hakimiyyətə gəlişi ilə BMT Təhlükəsizlik Şurası tərəfindən üç dəfə sanksiya tətbiq edilib ki, bu da ölkəyə investisiyaların həcminin dörd dəfə azalmasına səbəb olub. 2009-cu ildə birbaşa investisiyaların həcmi 1,5 milyard dollar təşkil edib.

"İranın 20 illik inkişafının perspektivləri" proqramına əsasən, bu ölkənin neft və qaz sahəsində ildə 35 milyard dollar həcmində investisiyaya ehtiyacı var.

İranın neft naziri Məsud Mir Kazıminin sözlərinə görə, ölkənin neft və qaz sahəsinə ildə minimum 25 milyard dollar lazımdır. O qeyd edib ki, bu investisiyalar daxili banklar, təşkilatlar və beynəlxalq şirkətlər arasında müqavilələr vasitəsilə təmin olunacaq.

İran ölkənin qaz yataqlarının 50 faizinin daxil olduğu Cənub Fars layihəsinin 18-ci və 19-cu fazalarına investisiya qoyuluşu üçün beynəlxalq bazarda 10 milyard dollar həcmində qiymətli kağızın satışını planlaşdırıb.

Lakin 28 fazadan ibarət (hazırda yeddi faza həyata keçirilib) bu layihənin inkişafının dəfələrlə təxirə salınması qiymətli kağızların alınması məsələsində pessimist əhval-ruhiyyəyə gətirib çıxaracaq və bu variant, çox güman ki, uğursuz olacaq.

Xəbər lenti

Xəbər lenti