...

ARDNŞ-in prezi­den­ti Rövnəq Abdulla­ye­v "Azərikimya" İstehsalat Birliyində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub

Energetika Materials 9 Avqust 2010 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

ARDNŞ-in rəhbərliyi ölkənin kimya sənayesində istehsalat fəaliyyətinin bərpası, mütərəqqi texnologiyaların tətbiqi vasitəsilə müasir tələb­lər səviyyəsində yeni­dən qurul­ması istiqamətində nəzərdə tutulmuş kompleks tədbirlər çərçivəsində "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda əsaslı təmir işlərinin gedişini diqqət mərkəzində saxlayır. Avqustun 7-də ARDNŞ-in prezi­den­ti Rövnəq Abdulla­ye­v həmin müəssisənin istehsalat sahələrində aparılan təmir işləri ilə tanış olmuş, qurğu və avadanlıqların bütünlüklə daha səmərəli və ahəngdar fəaliyyətini təmin edəcək əsaslı dəyişikliklərin yüksək keyfiyyətlə, qüsursuz başa çatdırılması üçün operativ tədbirlərin görülməsi məqsədilə öz göstərişlərini vermişdir.

ARDNŞ-in prezi­den­ti əvvəlcə Bakı-Quba magistral yolunun yaxınlığındakı tezalışan mayelərin (TAM) toplandığı sahəyə baş çəkmiş, sahədə və dalan dəmir yolunda aparılan təmir işlərinin gedişi ilə maraqlanmışdır. Şirkət rəhbərinə məlumat verilmişdir ki, müəssisələrdən TAM-ın kürəvari çənlərinə qədər uzanan müxtəlif kimyəvi məhsulların nəql olunduğu boru xətləri və estakadalar təmir edilmiş, rənglənib, bütünlüklə ağ-gümüşü izoləedici təbəqə ilə örtülmüşdür. TAM sahəsində həyata keçirilən tədbirləri təqdir edən Rövnəq Abdullayev, texniki təhlükəsizliyin təmin olunması və məhsul itkisinin qarşısının alınması məqsədilə daha radikal tədbirlər görülməsi, proseslərin daha ciddi nəzarət altına alınması, habelə təmir işlərinin sürət və keyfiyyətinin maksimum artırılması zərurətini vurğulamışdır. Sonra ARDNŞ prezidenti etilen-polietilen zavodunun istehsalat sahələrinə gələrək, burada aparılan genişmiqyaslı əsaslı təmir işlərinin gedişi ilə bilavasitə yerində tanış olmuşdur. Zavoddakı "EP-300" kompleksinin piroliz sexində olan ARDNŞ-in prezidentinə məruzə edilmişdir ki, burada təmir işlərinin həcminin böyük hissəsi piroliz sobaları ilə bağlıdır və həmin sobalardan üçünün təmiri artıq tam başa çatdırılmışdır. Piroliz qazının ilkin fraksiyalara ayrılması və texnoloji proseslərdə istifadə olunan suyun təmizlənməsi sexində görulən işlər haqqında da şirkət prezidentinə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, sexin kondensat tutumları açılaraq tam təftiş olunmuş və yüksək keyfiyyətlə təmir olunaraq yenidən bağlanmışdır. Texnoloji proseslərin aparılmasında mühüm rol oynayan kationid və anionid tutumları köhnəlmiş reaktivlərdən azad edilmişdir və hazırda onların yeniləri ilə doldurulması üçün hazırlıq işləri görülür

Qeyd olunmuşdur ki, sexdə Almaniya və Çexiya istehsalı olan istilikdəyişdiricilərin təmizlənməsi və təmirinin daha yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün Türkiyədə SOCAR-TURCAS birgə müəssisəsinin idarəçiliyində olan "Petkim" Neft-Kimya Şirkəti ilə ilkin razılıq əldə edilmişdir və yaxın vaxtlarda işlərin icrasına başlanılacaq. Rövnəq Abdullayev bu təşəbbüsü dəstəkləyərək, gələcəkdə "Azərikimya" və "Petkim" arasında daha sıx əməkdaşlıq münasibətləri yaradılmasının vacibliyini qeyd etmişdir.

O bildirmişdir ki, ARDNŞ-in idarəçiliyində fəaliyyət göstərən müəssisələr arasında kooperasiya və inteqrasiya proseslərinin gücləndirilməsi Azərbaycan kimya sənayesinin inkişafı baxımından qarşıda duran başlıca vəzifələrdən biridir. ARDNŞ prezidenti əmin olduğunu bildirmişdir ki, "Petkim" və "Azərkimya" müəssisələrinin işbirliyi etilen-polietilen zavodunda əsaslı təmir işlərinin yüksək keyfiyyətlə aparılmasına xidmət edəcəkdir.

ARDNŞ rəhbəri istehsal sahələrində yüksək templə davam edən əsaslı təmir işləri ilə müfəssəl tanışlıqdan sonra, kimyaçıların iş və məişət şəraiti, onların texniki təhlükəsizliyinin təminatı məsələləri ilə də maraqlanmışdır. O, birliyin "Kimyaçı" poliklinikasının bazasında yeni yaradılmaqda olan "təcili tibbi yardım" stansiyasında aparılan tikinti-rekonstruksiya işləri və stansiyanın yenidənqurmadan sonrakı görünüşünü əks etdirən layihə və eskizlərlə tanış olmuşdur. R.Abdullayev səhiyyə ocağının ən müasir diaqnostik və müalicə aparatları ilə təmin edilməsinin və bu tibb mərkəzinə yüksəkixtisaslı həkimlərin cəlb olunmasının vacibliyini xüsusi qeyd etmişdir.

Daha sonra "Azərikimya" İB-nin baş ofisinə gələn ARDNŞ prezidenti Rövnəq Abdullayev, burada birlik rəhbərliyinin, baş mütəxəssislərin işirakı ilə geniş operativ müşavirə keçirmişdir. O, ölkənin kimya sənayesinin modernləşdirilməsi və tezliklə dünya bazarlarına Azərbaycanda istehsal olunan yüksəkkeyfiyyətli neft-kimya məhsullarının ixrac həcmlərinin artırılması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan kompleks tədbirlərdən ətraflı bəhs etmiş, İstehsalat Birliyi qarşısında konkret vəzifələr qoymuşdur.

Xəbər lenti

Xəbər lenti