Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın sıxılmış qazının Qara dəniz vasitəsilə Bolqarıstana tədarükünə dair saziş bu il imzalanacaq. Bu barədə Trend-ə müsahibəsində Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov deyib.
"Hesab edirəm ki, bu il konkret müqavilə imzalanacaq və bu layihənin yaxın illərdə həyata keçirilməsi üçün praktiki addımlar müəyyən ediləcək", - Kalinov bildirib.
Onun sözlərinə görə, Azərbaycan qazının Gürcüstanın Kulevi limanından Bolqarıstanın Varna limanına tədarükü layihəsi enerji resurslarının şaxələndirilməsi sisteminə ciddi töhfə olacaq.
Səfirin bildirdiyinə görə, maliyyələşdirmə ilə bağlı problem yoxdur, belə ki, böyük maliyyə institutları kifayət qədər effektiv və səmərəli layihəyə vəsait ayırmağa hazırdırlar.
"Bu, [sıxılmış qazın tədarükü] qazın maye şəklində nəqlindən daha effektlidir. Azərbaycan Prezidenti İlham Əliyev və ARDNŞ rəhbərliyi Bolqarıstana kifayət qədər inqilabi və effektiv layihə təqdim ediblər", - səfir vurğulayıb.
Diplomatın sözlərinə görə, onun ölkəsi böyük qaz istehlakçısı deyil.
"Bolqarıstanın qaza olan tələbatı ildə 3-4 milyard kubmetr təşkil edir və bu kifayət qədər aşağı göstəricidir. Biz böyük qaz istehlakçısı deyilik, lakin hesab edirik ki, iqtisadiyyat bu yanacaq olmadan inkişaf edə bilməz və enerji marşrutlarının şaxələndirilməsi ilə bağlı bütün layihələrdə Bolqarıstanın maksimal şəkildə iştirak etməsi üçün əlimizdən gələni edirik", - səfir əlavə edib.
Azərbaycan və Bolqarıstanın əməkdaşlığı məsələsinə toxunan səfir vurğulayıb ki, ikitərəfli münasibətlərin başlıca istiqaməti enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlıqdır.
Hazırda tərkibinə ARDNŞ və "Bulgargas"ın daxil olduğu işçi qrupu Azərbaycanın sızlımış qazının Bolqarıstana tədarükünün texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzərində iş aparır.
Birgə işçi qrupu 2009-cu ilin noyabrında ARDNŞ və "Bulgartransgas" arasında imzalanan memorandum əsasında yaradılıb.
Azərbaycan qazının tədarük imkanları çərçivəsində sıxılmış qazın ARDNŞ-nin Kulevi neft terminalının yerləşdiyi Gürcüstanın Qara dəniz sahilləri vasitəsilə ixrac variantı nəzərdən keçirilir.