Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.İsmayılov/
Prezident İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına (2011-2015-ci illər) uyğun olaraq Sənaye və Energetika, Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirliklərinə Azərbaycan regionlarında kiçik və orta sənaye müəssisələrinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Tədbirlər Planı çərşənbə günü rəsmi mətbuatda dərc olunub.
Müəssisələr yerli xammal və mövcud materiallar bazasında yaradılmalı və kənd təsərrüfatı məhsullarının emalı və tikinti məhsullarının istehsalına yönəlməlidir. Bu istiqamət üzrə işlər 2011-2012-ci illəri əhatə edəcək.
Tədbirlər Planına uyğun olaraq Sənaye və Energetika Nazirliyinə, ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "Azəristiliktəchizat" ASC-yə respublika ərazisində əhalinin və istilik təchizatı sisteminin təbii qazla və ya bərpa olunan enerji ilə təminatının bərpası və yaxşılaşdırılması tapşırılıb.
"Azəristiliktəchizat" ASC-yə əhalinin və sosial obyektlərin istilik təchizatının bərpası, yaşayış və qeyri-yaşayış binalarının istiliklə təmin olunması tapşırılıb. Bu istiqamət üzrə işlər 2011-2015-ci illəri əhatə edəcək.
SEN və ARDNŞ-yə 2011-2015-ci illər ərzində dağlıq rayonların qəsəbə və kəndlərində maye qazın və kerosinin (ağ neft) satışını təşkil etmək tapşırılıb. Yuxarıda göstərilən strukturlara habelə 2011-2015-ci illər ərzində bazar iqtisadiyyatına uyğun şəffaf idarəetmə strukturunun yaradılması məqsədilə "Azəriqaz" İB-də islahatların aparılması da tapşırılıb.
Tədbirlər Planına uyğun olaraq, göstərilən dövrdə SEN-ə özəl sektorun iştirakının artırılması ilə energetika sektorunda rəqabət mühitinin yaradılması tapşırılıb.
Sənaye və Energetika və İqtisadi İnkişaf Nazirliklərinə və Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) 2011-2015-ci illər ərzində alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması və istifadəsi istiqamətində tədbirlərin gücləndirilməsi tapşırılıb.
Tədbirlər Planına görə, SEN, "Azərenerji" ASC və "Bakıelektrikşəbəkə" ASC-yə göstərilən dövrdə istehlakçıların elektrik sayğacları ilə təmin olunmasının başa çatdırılması tapşırılıb.
Yanacaq-enerji kompleksinin fəaliyyəti nəticəsində ekologiyaya dəyən zərərin azaldılması məqsədilə SEN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2011-2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb.