...

ARDNŞ regional YDM-lərin tikintisinə hazırlaşır

Energetika Materials 6 Fevral 2012 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) həmtəsisçisi olduğu "SOCAR Petroleum" şirkəti fevralın sonuna qədər Azərbaycanın Siyəzən rayonunda yanacaqdoldurma məntəqələrinin (YDM) tikintisinə başlayacaq. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dəki mənbə deyib.

Onun sözlərinə görə, Siyəzəndə iki YDM-in tikintisinə başlamaq üçün artıq meydançalar hazırlanıb.

"Hava şəraiti hələlik işlərə başlamağa imkan vermir, lakin fevralın sonuna qədər tikinti başlayacaq" , - mənbə qeyd edib. Bu məntəqələr şirkətin Bakıdan kənarda tikintisinə başlaycağı ilk YDM-lər olacaq.

Mənbənin dediyinə görə, hazırda Bakının Sabunçu rayonunda YDM-in tikintisi üzrə yekun işlər aparılır. "Bu məntəqələrin tikintisi üzrə işlər başa çatmaq ərəfəsindədir və məntəqə artıq ay ərzində açılacaq" , - o, vurğulayıb.

2012-ci ildə Azərbaycanda təxminən 10 YDM tikiləcək və istismara veriləcək.

Hazırda Bakıda SOCAR brendi altında 14 YDM fəaliyyət göstərir.

Ümumilikdə ölkə üzrə ARDNŞ-nin YDM-lərinin sayının 100 ədədə çatdırılması planlaşdırılır. Onlar iri şəhərlərdə, hər bir rayonun giriş və çıxışında yerləşəcək.

Mənbənin əvvəl verdiyi məlumata görə, 2012-ci ildə Bakıda SOCAR brendi altında YDM-in sayının 25-26 ədədə çatdırılması planlaşdırılır.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Hazırda ARDNŞ Gürcüstanda böyük YDM şəbəkəsinə sahibdir, tədricən Ukrayna və Rumıniyada YDM-lər açır. Həmçinin bu yaxınlarda ARDNŞ-in İsveçrədə YDM şəbəkəsinin əldə etdiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti