...

Azərbaycanda il ərzində 30 min metr uzunluğunda qaz kəməri yeni borularla əvəz olunub

Energetika Materials 5 Noyabr 2012 16:14 (UTC +04:00)
2012-ci ilin ötən dövrü ərzində Azərbaycanda magistral qaz kəmərləri sahələrinin obyektlərində tənzimləyici qurğular, kranlar, siyirtmələr dəyişdirilib və təmir olunub, köhnə tipli, nasaz ölçü qurğuları yeniləri ilə əvəz edilib.
Azərbaycanda il ərzində 30 min metr uzunluğunda qaz kəməri yeni borularla əvəz olunub

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

2012-ci ilin ötən dövrü ərzində Azərbaycanda magistral qaz kəmərləri sahələrinin obyektlərində tənzimləyici qurğular, kranlar, siyirtmələr dəyişdirilib və təmir olunub, köhnə tipli, nasaz ölçü qurğuları yeniləri ilə əvəz edilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumilikdə 29 600 metr uzunluğunda qaz kəməri yeni borularla əvəz olunaraq təmir edilib.

Sabirabad, Saatlı və İmişli rayonlarını, o cümlədən cənub-qərb regionunda yerləşən mühüm sənaye obyektlərini təbii qazla təmin edən Astara magistral qaz kəmərləri sahəsinə aid 530 mm-lik "Azadkənd-İmişli" magistral qaz kəmərinin 2250 metr uzunluğunda hissəsində aparılan yenidənqurma işlərinin nəzərdə tutulduğu vaxtdan tez başa çatdırılması gözlənilir. Bu, yüksək sürətlə qazlaşdırılan Sabirabad, Saatlı və İmişli rayonları ilə yanaşı, bütün regionun təbii qaz təchizatında mühüm rol oynayacaq.

Ağdaş magistral qaz kəmərləri sahəsində də mühüm işlər görülür. Mingəçevir şəhəri və Mingəçevir DRES-i təbii qazla təmin edən "Mingəçevir" qazpaylayıcı stansiyasına gələn 12 km uzunluğunda 720 mm-lik qaz kəməri qolunda və qazpaylayıcı stansiyasından Mingəçevir DRES-ə gedən 5,6 km uzunluğunda eyni diametrli daşıyıcı qaz kəmərində nəzərdə tutulan yenidənqurma işlərinin layihələndirilməsi yekunlaşıb. Ağdaş magistral qaz kəmərləri sahəsində "Yevlax-Balakən" magistral qaz kəmərinin Qax rayonunun dağlıq və meşəlik zonasından keçən 9,2 km uzunluğunda hissələri dəyişdirilib. Nəticədə Balakən, Zaqatala və Qax rayonlarının qaz təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verib, Balakən rayonunun yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılıb.

Ümumiyyətlə, aparılmış yenidənqurma işləri şimal-qərb regionunun qazlaşdırılmasına mühüm təkan verəcək.

Sadalananlar, habelə Hacıqabul, Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində aparılan işlər magistral qaz kəmərlərinin etibarlı qaz təchizatı və təhlükəsiz istismarının təmin olunmasına, eləcə də qaz itkisinin azaldılmasına yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti