...

BP: "Azəri-Çıraq-Günəşli"nin ümumi hasilatının 1/3-i "Çıraq" platformasının payına düşür

Energetika Materials 7 Noyabr 2012 20:44 (UTC +04:00)
Bu gün "Azəri-Çıraq-Günəşli"dən (AÇG) hasilata başlamış ilk platformadan - "Çıraq"dan ilkin neftin əldə olunmasının 15 illiyi tamam olur.
BP: "Azəri-Çıraq-Günəşli"nin ümumi hasilatının 1/3-i "Çıraq" platformasının payına düşür

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bu gün "Azəri-Çıraq-Günəşli"dən (AÇG) hasilata başlamış ilk platformadan - "Çıraq"dan ilkin neftin əldə olunmasının 15 illiyi tamam olur. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 1997-ci il oktyabrın 27-də imzaladığı fərmana əsasən, Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlarının birgə işlənməsi üçün ölkə tarixində ilk dəfə olaraq bağlanmış hasilatının pay bölgüsü sazişi çərçivəsində hasilatın başlanması 1997-ci il noyabrın 12-də rəsmi olaraq qeyd olunub. Bu barədə çərşənbə günü Trend-ə BP-dən məlumat verilib.

AÇG-nin operatoru olan BP o vaxtdan bəri həmin yataqlarda 6 əlavə platforma (onlardan 4-ü hasilat platformasıdır) tikib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 2,1 milyard bareldən artıq neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edir.

AÇG hasilatının ardınca dünya səviyyəli layihə olan və Azərbaycanı birbaşa dünya bazarları ilə bağlayan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri tikilib. BTC Azərbaycan, Gürcüstan və Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə kömək etməklə bu ölkəyə və regiona əhəmiyyətli əlavə faydalar gətirməkdə davam edir. Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 1,552 milyon (təqribən 1,6 milyard) barel xam neft nəql edilib və bu neft 2013 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

"Azərbaycanın ilk sazişi çərçivəsində hasilatın başlanması hökumət tərəfindən qəbul edilmiş Neft Strategiyasının uğurlu icrasının başlandığını göstərən tarixi bir hadisə idi. AÇG üzrə ilk neftin məhz ARDNŞ tərəfindən tikilmiş platformadan əldə edilməsi özlüyündə rəmzi bir məna kəsb edir, çünki bu, AÇG-nin bu vaxtadək etdiyi bütün işlərin və qazandığı uğurların arxasında dayanan iki əsas qüvvənin - davamlı tərəfdaşlığın və əməkdaşlığın - nə qədər əhəmiyyətli olduğunu bir daha əks etdirir. Biz həqiqətən də qürur duyuruq ki, "Çıraq" platforması indiyədək 600 milyon bareldən artıq neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən üçdə biri qədərdir. Nəzərə almalıyıq ki, "Çıraq" ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı ən yüksək standartlara uyğun şəkildə istismardadır və gözlənilir ki, hələ uzun illər boyunca da işləyəcək", - BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Mark Tomas deyib

AÇG layihəsinin bu vaxtadək gətirdiyi faydalardan bəziləri aşağıdakılardır:

- qoyulmuş ümumi investisiya - 24,8 milyard dollar;
- açılmış iş yerləri və milli kadrların inkişafı - daimi işçilər və podratçılar - 6000-dən çox, tikinti mərhələsi dövründə müvəqqəti iş yerləri - 12000-dən artıq;
- sosial layihələr - BP və tərəfdaşlarının Azərbaycanda fəaliyyətə başladığı 1994-cü ildən bu ilin 3-cü rübünün sonunadək ümumi social xərclər - 56 milyon dollardan artıq, bunun da təqribən 30%-i (yəni 17 milyon dollardan artıq) ACG-nin payına düşur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti