...

2012-ci ildə atmosferə atılan zərərli qazların miqdarında 13 faizdən çox azalma müşahidə olunub

Energetika Materials 15 Fevral 2013 19:52 (UTC +04:00)
ARDNŞ-nin Ekologiya İdarəsində 2012-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
2012-ci ildə atmosferə atılan zərərli qazların miqdarında 13 faizdən çox azalma müşahidə olunub

Azərbaycan, Bakı, 15 fevral /Trend/

ARDNŞ-nin Ekologiya İdarəsində 2012-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, İdarənin rəisi Azər Əliyev 2012-ci il ərzində qəbul edilmiş dövlət proqramlarının icrası, ARDNŞ-nin "Ekoloji Siyasət" sənədindən irəli gələn məsələlərin həlli, şirkətin fəaliyyət sahələrində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində görülmüş işlər, o cümlədən həyata keçirilmiş ekoloji tədbirlər barədə danışıb. Bildirilib ki, Ekologiya İdarəsi 2012-ci il ərzində monitorinq, laboratoriya xidmətləri, tullantıların idarə olunması, yaşıllaşdırma işləri üzrə fəaliyyyətini uğurla davam etdirib.

Dövlət Neft Şirkətinin Xəzər dənizi akvatoriyasında istismar etdiyi yataqlarda aparılan monitorinqlərdə və digər quru sahələrdə dinamika öyrənilib, tullantıların qəbulu, onların saxlanılması və ya utilizə olunması xeyli yaxşılaşıb, tullantıların təhvili ötən illərə nisbətən bir neçə dəfə artıb. Belə ki, 2012-ci il ərzində "Tullantı Mərkəzi"nə 17 180 ton qazma şlamı, 421 ton isə istehsalat tullantısı qəbul olunub. Tullantıların həcmində 2011-ci ilə nisbətən 42 faiz, qazma şlamının miqdarında isə 8 faiz artım müşahidə edilib.

Hesabat dövründə ARDNŞ-nin idarə və müəssisələrinin balansında olan 5204 nəqliyyat vasitəsi Ekoloji Ölçmə Mərkəzində ekoloji müayinədən keçirilib, ekoloji ölçmələrin nəticələrinə əsasən, normalara uyğun 3468 nəqliyyat vasitəsinə ekoloji emblem təqdim olunub. Aparılmış təhlillərə əsasən müəyyən olunub ki, 2012-ci ildə atmosferə atılan zərərli qazların miqdarında 2011-ci ilin nəticələri ilə müqayisədə 13,3 faiz azalma müşahidə edilib. Bundan başqa, ötən il ARDNŞ-nin Xəzərin Azərbaycan sektorundakı istismar etdiyi yataqlarda antropogen təsirin miqyasını müəyyənləşdirmək məqsədilə mövsümi olaraq "Neft Daşları", "Palçıq Pilpiləsi", ''Günəşli'', ''Gürgan Dəniz", "Qərbi Abşeron", "Abşeron bankası", ''8 Mart", "Bulla Dəniz", "Ələt-dəniz", "Səngəçal-Duvannı-Xərə-Zirə" yataqlarında ekoloji monitorinq işləri aparılıb.

Daha sonra Ekologiya İdarəsinin struktur bölmələri tərəfindən 2012-ci il ərzində həyata keçirilmiş işlərlə bağlı hesabatlar dinlənilib.

Sonda həyata keçirilən ekoloji layihələrin 2013-cü il ərzində daha da genişləndirilməsinin, bu istiqamətdə fəaliyyətin effektiv təşkil olunmasının vacibliyi vurğulanıb, görüləcək işlərin əsas istiqamətləri haqqında məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti