Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Azad Həsənli/
Azərbaycan hökuməti neftin qiymət proqnozlarını bir barel üçün 2014-cü ildəki 100 dollardan gələn il 90 dollaradək azaldıb. Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi gələn il üçün Azərbaycanın dövlət və icmal büdcələri layihələrinin təqdimatında bildirilib.
Proqnozlara görə, 2014-cü ildə neft sektorunda ÜDM-in həcmi 2,2 faiz azalacaq, bu zaman qeyri-neft sektorunda əlavə dəyər istehsalının cari illə müqayisədə 8,1 faiz artaraq 39,5 milyard manat səviyyəsində olacağı gözlənilir. 2015-ci ildə ÜDM-da neft sektorunun payı bu ilki 40,4 faizə qarşı 34,9 faiz səviyyəsində proqnozlaşdırılır.
Gələn il ümumi büdcə daxilolmalarında neft sektorunun payının 2014-cü ildə gözlənilən 66 faiz səviyyəsi ilə müqayisədə gələn il 65,3 faiz olacağı gözlənilir. 2013-cü ildə isə bu göstərici 73,1 faiz təşkil etmişdi.
Sənəddə deyilir: "Dünya bazarında neftin qiymətlərinin azalmasına təsir edən amillərdən biri ABŞ-ın karbohidratların istehsalını artırması (sutkada 11,5 milyon barel) və ilin əvvəlindən neft idxalı həcmlərini azaltmasıdır. Ötən ildən ABŞ təbii qaz idxalını dayandırıb, hazırda isə neft idxalını azaltmağa çalışır".
Bununla yanaşı, qeyd olunur ki, Aİ ölkələrinin iqtisadiyyatlarının zəif inkişafı bu regionda neftə tələbatın azalmasına səbəb olub. Hazırda Şərqi Asiya ölkələri (Çin, Hindistan) istiqamətində enerji ehtiyatlarının idxalı artıb. Lakin ötən dövr ərzində həmin ölkələrdə iqtisadi artım templəri proqnozlaşdırılan səviyyədən aşağı düşüb ki, bu da neftin qiymətlərinin azalmasına təsir edən amillərdən biridir.
Eyni zamanda, Yaxın Şərqin neft istehsal edən bir sıra ölkələrində geosiyasi sabitliyin olmaması, eləcə də İrana qarşı sanksiyaların aradan qaldırılması neftin qiymətlərinin yüksək olmasına səbəb idi, lakin bu proseslərin tədricən stabilləşməsi neftin qiymətlərinin aşağı düşməsinə gətirib çıxarıb".