...

Azərbaycan Avropa və İran arasında qaz vasitəçisi kimi

Energetika Materials 13 Noyabr 2014 05:25 (UTC +04:00)
Qərbin İrana münasibətlərinin tədricən dəyişməsi, bu ölkə qarşısında, ilk növbədə, iqtisadi sahədə yeni əməkdaşlıq perspektivləri açır.
Azərbaycan Avropa və İran arasında qaz vasitəçisi kimi

Rus xəbərlər xidməti

Seymur Əliyev - Trend:

Qərbin İrana münasibətlərinin tədricən dəyişməsi, bu ölkə qarşısında, ilk növbədə, iqtisadi sahədə yeni əməkdaşlıq perspektivləri açır. Bu əməkdaşlığın inkişafı üçün Tehrana İslam Respublikasına daha liberal münasibət bəsləyən Avropa ilə sıx əlaqələri olan və iqtisadi-ticarət əlaqələrinin yenidən başlanması və genişləndirilməsi məsələsində vasitəçi kimi çıxış edə bilən etibarlı tərəfdaşlar lazımdır.

Belə vasitəçilərdən biri artıq çoxdan özünü etibarlı tərəfdaş kimi göstərmiş Azərbaycan ola bilər.

Bunu İran Prezidenti Həsən Ruhaninin dünən Bakıya rəsmi səfəri çərçivəsində dediyi "İran Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilər" sözləri də təsdiq edir.

Bu gün İran təxminən 34 trilyon kubmetr təbii qaz ehtiyatlarına görə dünyada birinci yeri tutur. Eyni zamanda, hər bir energetik resurslarla zəngin olan ölkə kimi, İslam Respublikasında da karbohidrogen ehtiyatları əsas gəlir mənbələri arasındadır və iqtisadiyyatı formalaşdırır.

Sanksiyaların tətbiqinə qədər İran Avropaya əsas alternativ qaz tədarükçülərdən biri kimi nəzərdən keçirilirdi. Və sanksiyaların ləğvindən sonra bu məsələ yenidən aktuallaşır.

Bu məsələdə isə Azərbaycandan daha yaxşı heç kəs İrana kömək edə bilməz. Azərbaycan qazını Avropaya nəql edəcək "Cənub Qaz Dəhlizi"nin təşəbbüskarı olan Bakı lazımi infrastrukturun yaradılmasında şəxsən iştirak etməklə artıq yeni mənbələrdən Avropaya qaz tədarükü layihələrini həyata keçirir.

Hazır infrastrukturun mövcudluğu Tehrandan yalnız onlarla birləşdirmək üçün boru kəmərinin tikintisini tələb edir.

Aİ-nin İran qazından imtina barədə əvvəlki bəyanatlarına baxmayaraq, istehlakın artımı, Rusiyadan asılılığı azaltmaq istəyi və yeni mənbələrin axtarışı İran üçün Avropa bazarını aça bilər. Bunda İslam Respublikası özü də maraqlı ola bilər.

İranın Asiya ölkələrinə qaz nəqli ilə bağlı bir çox digər layihələri nəzərdən keçirməsinə baxmayaraq, onlar, demək olar ki, həyata keçirilməyib. Avropanın istehlak artımı və yüksək alıcılıq qabiliyyəti isə onu Tehran üçün daha maraqlı edir.

Bu gün İran üçün birgə tərəfdaşlar, o cümlədən Azərbaycan vasitəsilə Avropa ilə ümumi dil tapmaq heç vaxt olmadığı qədər vacib məsələdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti