Bakı. Trend:
2025-ci ilin mart ayında Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan, Türkiyədə yerləşən STAR neft emalı zavodu aviasiya yanacağının istehsal həcmini əhəmiyyətli dərəcədə artıraraq, 116 978,86 tona çatdırıb.
Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.
Bu 2024-cü ilin anoloji göstəricilərindən 209 faizdən çoxdur ( həmin ilin göstəricilərinə əsasən 37 804,26 ton istehsal olunub) .
Eyni zamanda, 2025-ci ilin mart ayında STAR NEZ-ə xam neft idxalının həcmi 821 588 tondan çox olub ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə (931 834 ton) azalma anlamına gəlir.
İllik ifadədə xam neftin idxalındaazalmanın olmasına baxmayaraq, zavod müxtəlif neft məhsullarının sabit istehsal həcmini təmin edib. Xüsusilə, dizel yanacağının istehsalı təxminən 587 000 ton təşkil edib, onun da təxminən 11 000 tonu bioyanacaq əlavəli dizel olub.
Bundan əlavə, zavodda təxminən 129 600 ton nafta, 65 200 ton neft koksu, 31 100 ton neft emalı qazları, 21 200 ton maye qaz (LPG), 11 400 ton ağır vakuum qazoylu və 5 700 tondan çox yüksək kükürdlü dizel yanacağı, eləcə də digər məhsullar istehsal olunub.
Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən böyük investisiyadır.
2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyon tona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən 18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam ödəyir.
X: @Lyaman_Zeyn