Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretskiy ilə görüşüb.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
"Görüşdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu xüsusda SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti qeyd olunub.
Söhbət zamanı şirkətlər arasında mövcud əməkdaşlığın cari vəziyyətinə, inkişaf perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb", - məlumatda qeyd edilib.
Qeyd edək ki, “Ukrnafta” ASC Ukraynanın ən böyük neft istehsalçısıdır. Şirkətin strukturu iki biznes bölməsindən – “Ukrnafta East” və “Ukrnafta West” – ibarətdir. Bu bölmələrə altı neft-qaz hasilatı idarəsi və üç qaz emalı zavodu daxildir. Bundan əlavə, neft sənayesi üçün tam xidmətlər spektri təqdim edən Neft Servisləri Bölməsi və kəşfiyyat və hasilat qazma işləri ilə məşğul olan “Ukrnafta Drilling Division” fəaliyyət göstərir.
“Ukrnafta” ASC 86 hasilat lisenziyası və 3 geoloji kəşfiyyat (o cümlədən sınaq istismarı) lisenziyasına malikdir. Şirkət Ukraynanın Sumı, Poltava, Çerniqov, Lvov, İvano-Frankovsk, Çernivtsi, Dnipro və Xarkov vilayətlərində fəaliyyət göstərir.
2025-ci ilin sentyabrın 1-i tarixinə olan məlumata görə, şirkət 1 807 neft quyusu və 164 qaz quyusu istismar edib.
“Ukrnafta”nın monobrend yanacaqdoldurma şəbəkəsinə Ukraynanın demək olar ki, bütün regionlarında yerləşən 662 yanacaqdoldurma məntəqəsi daxildir.
