Trend in xəbər verdiyi kimi, "Şahdəniz" yatağının işlənməsi layihəsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatı üçün inşa edilmiş TPG - 500 platforması dənizə yola salınıb. Əvvəlcə qurğunun aprelin 1-də yola salınması planlaşdırılırdı, ancaq hava şəraiti buna imkan verməyib. İnstallyasiya yerinə çatdırıldıqdan sonra platforma sınaqdan keçiriləcək və üzərində işəsalma-sazlama işləri aparılacaq. Bu proses 2006-cı ilin 3-cü rübündə başa çatacaq.
Platformanın tikintisinə təxminən $1,35 mlrd sərf olunub. "Zığ" tikinti sahəsinin modernləşdirilməsi də daxil olmaqla ümumi dəyər $1,6 mlrd təşkil edib.
Platformanın ümumi çəkisi 32 min tondur. Bu platforma 3 min metr əyilmə radiusu ilə 7 min metrdən artıq dərinlikdə quyu qazmaq imkanına malikdir. Qurğu sutkada 28,5 mln m3 qaz və 60 min barel kondensat emal etmək gücündədir. TPG - 500 platformasından cəmi 12 quyu istismara veriləcək. Bu quyulardan 4-ü öncəqazma proqramı çərçivəsində artıq qazılıb.
Cənubi Qafqaz qaz kəməri ilə birinci qazın 2006-cı il sentyabrın 30-da nəqli nəzərdə tutulur.