...

ARDNŞ tresti Gürcüstan magistral qaz kəmərinin reabilitasiyası üçün müqavilə bağlayıb

Energetika Materials 4 Noyabr 2006 12:46 (UTC +04:00)

"Gürcüstan-Minilliyin çağırışı" Fondu Gürcüstan qaz magistralının reabilitasiyası layihəsinin həyata keçirilməsi üçün iki müqavilə bağlayıb. Fonddan Trend in Gürcüstandakı xüsusi müxbirinə verilən məlumata görə, "Gürcüstan-Minilliyin çağırışı" Fondu ARDNŞ-in "Xəzərdənizneftqaztikinti" tresti ilə $8,4 mln dəyərində müqavilə bağlayıb. Müqavilədə Gürcüstanın magistral qaz kəmərində təmir və reabilitasiya işlərinin görülməsi nəzərdə tutulur.

Bundan başqa, Gürcüstanın "Corcianinjinerinq" şirkəti ilə də müqavilə bağlanıb. İki ən təhlükəli sahədə qaz kəmərinin reabilitasiyası üçün şirkətə $1,4 mln vəsait ayrılacaq.

Fond dövlətin ixtiyarında olan qaz kəmərini tam reabilitasiya etmək niyyətindədir.

Bu müqavilə çərçivəsində magistralın 4 ən təhlükəli sahəsi təmir olunacaq. "Gürcüstan-Minilliyin çağırışı" Fondu ölkənin magistral qaz kəmərinin təmiri və reabilitasiyası üçün $40 mln vəsait ayırmış ABŞ MCC-nin Tiflis filialıdır.

ABŞ Gürcüstanın qaz kəmərini Rusiyanın "Qazprom" şirkətinə satmaqdan imtina etməsindən sonra onun reabilitasiyası üçün vəsait ayırıb. Gürcüstan tərəfi isə bu məqsədlə $45 mln ayırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti