Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan Dövlət Neft Şirkətində kütləvi qovulmalar yoxdur. Bu barədə şənbə günü Azərbaycan Neft və Qaz Sənayesində Işləyənlərin Respublika Həmkarlar Komitəsinin sədri Cahangir Əliyev bildirib.
Bu həftə Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Miravari Qəhramanlı 15 ay ərzində xarici şirkətlərin 10 min nəfəri işindən kənarlaşdırdığını və ARDNŞ-dən isə 300 nəfərin işdən çıxarıldığını bəyan edib.
Əliyevin sözlərinə görə, hazırda ARDNŞ-in bəzi müəssisələrində struktur dəyişiklikləri aparılır. Bununla əlaqədar müəyyən ştatlarda olan işçilərin iş yerləri dəyişdirilir.
"ARDNŞ-in öz strukturu daxilində iş yerini dəyişməni heç cürə işdən qovulma adlandırmaq olmaz. Əgər belə hallar varsa, işçilərin öz xahişləri səbəbindən olur",-deyə o qeyd edib.
Əliyev bildirib ki, son müddətlərdə ARDNŞ-in işçilərinin sayı 60 min nəfərdən 62 min nəfərə qədər artıb.
"Xarici neft şirkətlərinə gəldikdə isə, əgər burda işçilərin sayı azalırsa, bu, ölkədə neft layihələri çərçivəsində görülən işlərin həcminin azalması ilə bağlıdır", - deyə o bildirib.