Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin 51 faiz iştirak payına malik olduğu "SOCAR Energy Georgia" Gürcüstanda həcmi 20 min kubmetr olan neft bazasını inşa etmək niyyətindədir. Bu barədə "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov məlumat verib.
Bazada təkcə Azərbaycandan idxal olunan Aİ 92-95 markalı benzin, həmçinin daha keyfiyyətli Aİ-98 markalı benzin saxlanılacaq. Güman olunur ki, Aİ-98 Yunanıstandan gətiriləcək.
Neft bazasında həmçinin ağ neft üçün yer (1 min ton) olacaq. Eyni ilə burada bitum (5 min ton), mazut üçün yer və maye qaz üçün kiçik terminalın olacağı planlaşdırılır. Bazanın ərazisi beş min hektar təşkil edəcək. Tikintinin gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
"SOCAR Energy Georgia" daha bir regional bazanı (5 min tonluq) Marneulidə tikməyi planlaşdırır. İyulda Bolnisi rayonunda, sentyabrda isə Dmanisi rayonunda yanacaq-doldurma stansiyasının tikintisi nəzərdə tutulur.
Şirkət rəhbərinin sözlərinə görə, bu gün "SOCAR Energy Georgia" Gürcüstanın yanacaq bazarının 50-55 faizini əhatə edir. "Hər ay təxminən 15-16 min ton benzin idxal olunur. Şirkət Gürcüstanı maye qazla tamamilə təchiz edir - 1,5-2 min ton" - deyə o vurğulayıb.
Gələn ilin sonunadək Gürcüstan ərazisində yeni yanacaq-doldurma stansiyalarının tikintisi və ya alınması nəzərdə tutulur. Onların sayı 30-dan az olmayacaq. Bu ilin sonuna kimi isə dörd yanacaq-doldurma stansiyası inşa olunacaq. Yaxın zamanlarda şirkət 15 yanacaq-doldurma stansiyasından ibarət şəbəkəni almaq istəyir. Bu şəbəkə bütün Gürcüstan ərazisini əhatə edəcək. Məmmədov deyib ki, investisiyaların ümumi həcmi 50 mln. dollar təşkil edəcək.