Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycanın dövlət sektorunun borc yükü 2031-ci ilədək aşağı səviyyədə qalacaq.
Trend bu barədə fonda istinadən xəbər verir.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2025-ci ildə ÜDM-in 20,1 faizi səviyyəsində olan dövlət borcu 2026-cı ildə ÜDM 20,7 faizi səviyyəsində olacaq. Gözlənilir ki, 2027-ci ildə borc səviyyəsi cüzi artaraq 20,9 faizə yüksələcək, bundan sonra isə 2028-ci ildə 20,7 faizə və 2029-cu ildə 20,4 faizə enəcək.
Fondun qiymətləndirməsinə görə, azalma tendensiyası davam edəcək — 2030-cu ildə 19,9 faizə və 2031-ci ilə qədər 19,6 faizə düşəcək.
Müqayisə üçün qeyd edək ki, dövlət borcu 2023-cü ildə ÜDM-in 21,8 faizini, 2024-cü ildə isə 21,7 faizini təşkil edib.
BVF-nin proqnozları dövlət və dövlət zəmanətli ümumi borcun daha nəzərəçarpacaq dərəcədə azalacağını göstərir. Gözlənilir ki, bu göstərici 2025-ci ildə qiymətləndirilən 28,2 faizdən 2026-cı ildə ÜDM-in 25,3 faizinə qədər enəcək.
Daha sonra göstəricinin 2027-ci ildə 24,4 faiz, 2028-ci ildə 23,6 faiz və 2029-cu ildə 22,9 faiz olacağı, ardınca isə 2030-cu ildə 21,9 faizə və 2031-ci ilə qədər 20,8 faizə qədər azalacağı proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, əvvəllər bu genişləndirilmiş borc göstəricisi xeyli yüksək səviyyədə olub — 2023-cü ildə ÜDM-in 38,7 faizi və 2024-cü ildə 37,5 faizi.
Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 1 yanvar 2026-cı il tarixinə xarici dövlət borcu 4,8135 milyard ABŞ dolları təşkil edib ki, bu da 2025-ci il üzrə faktiki ÜDM-in (129,094 milyard manat və ya 75,94 milyard ABŞ dolları) 6,3 faizinə bərabərdir.
Nazirlikdən bildirilib ki, 1 yanvar 2026-cı il tarixinə daxili dövlət borcu 17,8045 milyard manat olub ki, bu da 2025-ci il üzrə faktiki ÜDM-in 13,8 faizinə uyğundur.
