Bakı. Trend:
Pre-COP konfransı çərçivəsində metan emissiyalarını azaltmaq üçün müzakirələrdə irəliləyiş əldə edilib.
Trend xəbər verir ki, bunu Bakıda keçirdiyi brifinqdə ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta deyib.
"Düşünürəm ki, biz prioritetlərimizi aydınlaşdırdıq. Lakin COP29-dan əvvəlki görüşlər zamanı biz COP28-də BƏƏ konsensusu deyilən tarixi nəticə qorunub saxlanılacağından əmin olmaq istəyirik. Bizim Çin və Azərbaycanla COP29 çərçivəsində də metan sammitinin keçirilməsi ilə bağlı razılaşmamız var.
Biz metan, azot oksidi, hidrofluorokarbonlar və digər istixana qazları kimi qazların azaldılması ilə bağlı ölkələrin yeni öhdəliklər götürməsini təmin etmək üçün tərəfdaşlıq şəraitində işləmək istəyirik. Biz yüksək səviyyədə inteqrasiya olunmuş karbon bazarlarının düzgün işləməsini təmin etmək üçün Paris Sazişinin 6-cı maddəsi kimi tanınan görüşlərin bu mərhələsini başa çatdırmaq istəyirik", - deyə C.Podesta bildirib.
O hesab edir ki, bu görüşdə bu mövzuda irəliləyiş əldə edilib.
"Nəhayət, artıq qeyd etdiyim kimi, bu COP-un ən mühüm nəticələrindən biri İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) olacaq. Bu, Paris Sazişinin bir hissəsi kimi razılaşdırılan illik 100 milyard dollarlıq öhdəliyin davamıdır", - deyə o əlavə edib.