...

Azərbaycanda "At Large" proqramının reallaşdırılmasına başlanılıb

Telekommunikasiya Materials 25 Avqust 2010 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir H.Vəliyev/

İnformasiya Problemləri üzrə Tədqiqat Mərkəzi Azərbaycanda "ICANN At Large" proqramının reallaşdırılmasına başlayıb. Bu barədə Trend-ə İnformasiya Problemləri üzrə Tədqiqat Mərkəzinin rəhbəri Yaşar Hacıyev məlumat verib.

Hacıyevin sözlərinə görə, bu gün Azərbaycanda "At Large" layihəsinin reqallaşdırılması məsələsi domen adların İnternet şəbəkəsində mənimsənilməsi üzrə beynəlxalq ICANN təşkilatı ilə razılaşdırılıb və onun reallaşdırılması üzrə işlərə ilin sonunda başlanılacağı gözlənilir.

"At Large" proqramının həyata keçirilməsi Azərbaycandakı son istifadəçilərə ICANN-ın işində bilavasitə iştirak etməyə, məsələn, İnternetin domen adlar və ünvanlar sisteminin formalaşmasına öz töhfəsini verməyə, İnternet şəbəkəsində özəl sektorun fəaliyyətini əlaqələndirən Texniki Şuranın direktorlarının onlayn seçkilərində iştirak etməyə imkan verəcək.

"Azərbaycanda "At Large" təşkilatının formalaşması zərurəti ondan ibarətdir ki, İnternet mühitində yaranan problemlərin sonradan həlli üçün zəruri məlumatların ICANN-dək çatdırılmasıdır. Mahiyyət etibarilə, "At Large" son istifadəçinin maraqlarını əks etdirən ICANN-nın alt komitəsidir. "At Large"ın Azərbaycandakı nümayəndəliyi lokal forumlar keçirmək imkanı əldə edəcək və həmin forumlarda sonralar ICANN tərəfindən təşkil olunan illik forumlarda səsləndirilməsi üçün müvafiq qərar qəbul ediləcək. "At Large" üzvləri ICANN forumları ilə paralel olaraq, öz iclaslarını təşkil etmək hüququ əldə edəcəklər. Müxtəlif ölkələrdə fəaliyyət göstərən "At Large" təşkilatları İnternetin problemlərini tədricən müzakirə etməklə, getdikcə özlərini ICANN-ın idarə edilməsi prosesinin iştirakçıları kimi hiss edəcəklər. ICANN-ın idarə edilməsi prosesini bu gün tamamilə demokratik adlandırmaq olar, çünki bütün qərarlar səsvermə əsasında qəbul edilir", - Hacıyev deyib.

"At Large" üzvləri ICANN fəaliyyəti və İnternet siyasəti sahəsində təşəbbüslər barədə müntəzəm şəkildə xəbərlər alacaqlar.

"At Large" proqramı həm də bilavasitə bir dövlət tərəfindən İnternet məkanına nəzarətlə bağlı vəziyyətin yoluna qoyulmasına xidmət edir. ICANN seçki prosesi prosedurunun mümkün qədər daha demokratik olmasına və təşkilatın nümayəndələrinin proqramda qeydiyyata alınacaq İnternet istifadəçilərini özlərinin seçməsinə çalışır.

Xəbər lenti

Xəbər lenti