...

Azərbaycanın informasiya təhlükəsizliyi milli təhlükəsizliyin bir hissəsidir - nazir müavini

Telekommunikasiya Materials 4 May 2011 12:11 (UTC +04:00)
Azərbaycanda informasiya təhlükəsizliyi məsələsinə milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi baxılır.
Azərbaycanın informasiya təhlükəsizliyi milli təhlükəsizliyin bir hissəsidir - nazir müavini

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda informasiya təhlükəsizliyi məsələsinə milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi baxılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Tədbir Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Rumıniyanın Azərbaycandakı səfirliyi (NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi) tərəfindən keçirilir.

Vəlizadənin sözlərinə görə, qloballaşan informasiya cəmiyyətində dövlətlər arasında baş verən münaqişələr virtual məkana keçir. "Müasir texnologiyalardan istifadə edilməklə cinayətlərin yeni növləri meydana çıxır. Terrorizm, separatizm, ekstremizm getdikcə daha çox yayılır", - nazir müavini bildirib.

Vəlizadə hesab edir ki, formalaşan informasiya cəmiyyətində milli təhlükəsizlik konsepsiyasının yaradılması zərurəti meydana çıxır.

Bir müddət əvvəl Azərbaycan Kibertəhlükəsizlik haqqında Konvensiyaya qoşulub. Konvensiyanın 35-ci maddəsinin birinci bəndinə uyğun olaraq, Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyi kiberməkanda törədilən cinayətlərin araşdırılması üzrə təcili köməyin təmin olunması ilə bağlı fəaliyyət həyata keçirir.

Vəlizadənin sözlərinə görə, respublikada informasiya təhlükəsizliyi səviyyəsinin artırılması üçün bu sahədə bir sıra əsas beynəlxalq standartlar qəbul edilib. Son iki il ərzində 10 standart təsdiqlənib və daha altı standart təsdiqlənmək üçün hazırlanıb.

Nazir müavininin sözlərinə görə, bu, dövlət və özəl strukturlarda informasiya təhlükəsizliyi üzrə bir sıra tədbirlərin görülməsinə imkan verib.

Azərbaycanda kompyuter insidentləri üzrə reaksiya komandası - AZ-CERT yaradılıb. Bu sahədə kadrların hazırlanması üzrə işlər görülür.

Xəbər lenti

Xəbər lenti