Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan seysmik fəallıq zonasında yerləşir, bu da zəif, amma müntəzəm zəlzələlərə səbəb olur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun direktoru Akif Əlizadə cümə axşamı jurnalistlərə deyib.
"Zaqatala zonası seysmik fəallığa aşkar nümunədir. Geoloji nöqteyi-nəzərdən, bu seysmik hadisələr daim fəallaşır, geodinamik vəziyyət dəyişir. Bu gün qlobal yerləşdirmə sistemlərindən (GPS) istifadə olunmaqla aparılan tədqiqatlar əyani şəkildə Afrika-Ərəb kontinentinin şimal və şimal-qərb istiqamətlərində hərəkət edərək Qafqaz dağlarını sıxdığını göstərir. Bu, müəyyən faciəli nəticələrə gətirib çıxarır", - o deyib.
Əlizadə nümunə kimi Krım yarımadasında və Krasnodar diyarında bu yaxınlarda baş vermiş 5 ballıq zəlzələləri misal gətirib. Onun fikrincə, bu, Qara dəniz tərəfdən də sıxılmanın getdiyini göstərir.
"Azərbaycanda belə seysmik proseslər daim baş verir və Azərbaycanın seysmoloq alimləri onların öyrənilməsi üzrə iş aparırlar. Dövlətin dəstəyi ilə Geologiya İnstitutu tərəfindən stasionar seysmik stansiyaların, müvəqqəti stansiyaların və GPS stansiyalarının sayı artırılıb. Hazırda biz dənizdə üç dərin seysmoqraf quraşdırmağı planlaşdırırıq. Quraşdırılması planlaşdırılan avadanlıqlar artıq alınıb", - Əlizadə bildirib.