Azərbaycan, Bakı, 6 may /Trend/
İnformasiya texnologiyaları (İT) sahəsində əməkdaşlıq Belarus və Azərbaycan arasında münasibətlərin inkişafı üçün perspektivli istiqamətlərdən biri ola bilər. Trend-in bazar ertəsi BELTA-ya istinadən verdiyi məlumata görə, bunu Belarus Milli Yığıncağının Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Nikolay Samoseyko Milli Məclisin Belarus parlamenti ilə beynəlxalq əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə ilə görüşündə deyib.
Samoseyko qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın əlavə təkana ehtiyacı yoxdur, lakin fəaliyyət göstərilməsi üçün məqsədəuyğun olan boş sahələr mövcuddur. O buna misal kimi informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrini göstərib.
Səmədzadə belaruslu həmkarının mövqeyini dəstəkləyərək deyib ki, iki ölkə alimləri arasında bəzi sahələrdə qarşılıqlı fəaliyyət qurulub, Azərbaycanda bəzi vacib elmi-texniki layihələr həyata keçirilir.
Nümayəndələr Palatasının Beynəlxalq işlər üzrə daimi komissiyasının rəhbəri diqqəti dünya arenasında iki ölkənin bir-birinə qarşılıqlı dəstək göstərməsinə çəkib.
Səmədzadə bildirib ki, Belarus və Azərbaycanın münasibətləri bir sıra istiqamətlər üzrə strateji xarakter daşıyır. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 20 il ötür. Görüşdə deputatlar qeyd ediblər ki, bu müddət ərzində əmtəə dövriyyəsinin artırılması, strukturun təkmilləşdirilməsi, habelə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün xeyli iş görülüb.