...

Azərbaycanda İKT sahəsinin tənzimlənməsinin başlıca aspektləri müəyyənləşib

Telekommunikasiya Materials 20 İyun 2014 17:42 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi operatorlararası qoşulmalar məsələsi üzrə rabitə operatorları arasında mübahisələrin tənzimlənməsi ilə məşğul olacaq.
Azərbaycanda İKT sahəsinin tənzimlənməsinin başlıca aspektləri müəyyənləşib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi operatorlararası qoşulmalar məsələsi üzrə rabitə operatorları arasında mübahisələrin tənzimlənməsi ilə məşğul olacaq. Trend-in məlumatına görə, bu barədə nazirliyin dünən dövlət başçısının təsdiq etdiyi və cümə günü rəsmi mətbuatda dərc edilən nizamnaməsində deyilir.

Nizamnaməyə əsasən, qurumunn səlahiyyətinə təsərrüfat subyektlərinin monopoliya fəaliyyətinin qarşısının alınması və bazarda ədalətsiz rəqabətin aradan qaldırılmasıdır. Bu istiqamətdə işlər İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə aparılacaq. Bununla belə, əsas vəzifə bazarda sağlam rəqabətin təmin edilməsi və istehlakçıların hüquqlarının qorunmasıdır.

Rabitə Nazirliyi tezlik resurslarından istifadənin qorunması və tənzimlənməsi məsələsində bilavasitə iştirak edəcək. Bu istiqamətdə radioelektron vasitələrdən istifadə qayadaları müəyyənləşdiriləcək və onların elektromaqnit təsiri üzrə monitorinqlər keçiriləcək. "Telekommunikasiya haqqında" qanuna əsasən, telekommunikasiya qurğu və avadanlıqlarının sertifikasiyası, həmçinin mobil qurğuların Nazirlər Kabinetinin qaydalarına uyğun qeydiyyata alınması təşkil ediləcək.

Nazirliyin səlahiyyətinə, həmçinin operatorlara nömrə resurslarının (ölkə kodu ilə) verilməsi və operatorların nömrə resurlarını daşımaq imkanı ilə onlardan istifadə qaydalarının müəyyənləşdirilməsi, yüksək səviyəli domen adlarının qeydiyyatının tənzimlənməsi daxildir.

Nizamnamədə Azərbaycanda poçt rabitəsi sahəsinə nəzarətə xüsusi önəm verilib. Poçt rabitəsi xidmətləri göstərən müəssisələrin fəaliyyəti çirkli pulların yuyulması, digər qanunsuz əldə edilmiş əmlakın leqallaşdırılması, həmçinin terrorçuluğun maliyyələşdirilməsi üzrə yoxlanılacaq.

Nazirlik "Poçt haqqında" qanuna əsasən, poçt maliyyə xidmətlərinə nəzarət və inkişafı, digər poçt xidmətlərinin keyfiyyətinin artırılması üzrə zəruri tədbirlər görəcək. Nazirlik universal poçt xidmətləri sahəsində ümumi qayadalar və keyfiyyət normativləri qəbul edəcək, həmçinin bu xidmətlərə görə tariflər üzrə təkliflər hazırlayacaq.

Nizamnamə kibertəhlükəsizlik məsələlərini də əhatə edir. Rabitə Nazirliyi respublikada bu sahədə vəziyyətin mütəmadi təhlilini və kibermüdafiə sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək, özəl və digər strukturlar arasında mümkün kibertəhlükələr haqqında maarifləndirmə işləri aparmaq, internet provayderlər və müvafuq dövlət strukturları ilə birgə qlobal kibertəhlükələrdən prventiv müdafiə tədbirləri görmək niyyətindədir.

Qurum dövlət orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin yaradılması və texniki dəstək göstərilməsi ilə məşğul olacaq.

Efir məkanının qorunması, respublika ərazisində rəqəmsal televiya və radioyayımın əhatə dairəsinin genişləndirilməsi üzrə bütün zəruri tədbirləri görəcək.

"Elektron hökumət"in inkişafı, elektron xidmətlərin genişləndirilməsi, elektron-rəqəmsal infrastrukturun inkişafı və başqa məsələlərə də diqqət yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti