...

"Office 365"in Azərbaycan istifadəçiləri "Skype" vasitəsilə pulsuz zənglər imkanı əldə edib

Telekommunikasiya Materials 12 Oktyabr 2015 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

"Microsoft" korporasiyası "Office 365" bulud xidmətinin Azərbaycan istifadəçilərinə "Skype" vasitəsilə pulsuz beynəlxalq zənglər həyata keçirmək imkanı təqdim edib.

Pulsuz "Skype" zənglərindən faydalanmaq üçün "Office 365 Personal" və ya "Office 365 Home" paketlərinə abunə olmaq lazımdır. Abunə olmaqla hər bir abunəçi dünyanın 60-dan çox ölkə və regionuna əlavə ödəniş olmadan ayda 60 dəqiqəlik pulsuz zəng əldə edir. Artıq "Skype" hesabı olan istifadəçilər www.office.com/myaccount səhifəsinə "Microsoft" hesabı vasitəsilə daxil olub müvafiq linkdən faydalanaraq pulsuz beynəlxalq zəng dəqiqələrini aktivləşdirə bilərlər. Əgər sizin "Skype" hesabınız yoxdursa, o zaman qeydiyyatdan keçərək müvafiq link vasitəsilə beynəlxalq zənglər üçün təqdim olunan dəqiqələri aktivləşdirə bilərsiniz. Nəticədə www.office.com/myaccount səhifəsində sözügedən əməliyyatın təsdiqi əks olunacaq. Daha sonra "Skype"da sadəcə nömrəni yığmaqla hər bir abunəçi asanlıqla dost və yaxınlarına zəng edə biləcək.

Qeyd edək ki, "Skype"da təqdim olunan pulsuz beynəlxalq zəng dəqiqələri xüsusi, təkmilləşdirilmiş və qeyri-coğrafi nömrələrə tətbiq edilmir. Onlar vasitəsilə fövqəladə zənglər etmək də mümkün deyil.

"Office 365 Personal" paketinə aylıq onlayn-abunənin qiyməti $5,99 (6,2 manat), "Office 365 Home" paketinə isə $7,99 (8,3 manat) təşkil edir. İllik abunə haqqı isə müvafiq olaraq $59,99 (62,9 manat) və $79,99-dır (83,9 manat). Əsas baza proqram məhsullarından sayılan və ənənəvi olaraq geniş populyarlıq qazanan "Office 365"-ə abunə olmaqla istifadəçilər ən yaxşı imkanlardan, "Office"in tam funksiyalar dəstindən, o cümlədən 1 Tb həcmə malik "OneDrive" bulud saxlancından yararlana bilərlər. "Office 365"ə abunə əldə etməklə istifadəçilər "Office" tətbiqlərinin bütün funksiyalarından fərqli cihazlarda faydalanan 7,1 milyondan çox aktiv abunəçilər qrupuna üzv olurlar.

Qeyd edək ki, "Office 365 Personal" və "Office 365 Home" istifadəçiləri il ərzində beynəlxalq telefon zəngləri üçün öz hesablarına dəfələrlə çox miqdarda vəsait xərcləyən sadə "Skype" istifadəçiləri ilə müqayisədə əhəmiyyətli məbləğdə pula qənaət edirlər.

1975-ci ildə təsis edilmiş "Microsoft" Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. "Microsoft" Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, "Microsoft" onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. "Microsoft" Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azərbaycan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti