Bakı. Trend:
Sentyabrın 3-dən 8-nə qədər Qırğızıstanda keçiriləcək ikinci Dünya Köçəri Oyunları “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq canlı yayımlanacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Azərkosmos” ASC və Qırğızıstanın “Transfer LTD” arasında imzalanan müqaviləyə əsasən, 6 gün davam edəcək yarışların canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə “Azerspace-1” peyki vasitəsilə çatdırılacaq.
2014-cü ildən etibarən keçirilən Dünya Köçəri Oyunlarına 20-dən çox yarış, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, yarışlar zamanı köçəri mədəniyyəti nümayiş olunacaq. Bu ilki oyunlarında Azərbaycan, Argentina, Braziliya, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Niderland, Pakistan, Rusiya Federasiyası, ABŞ və digər ölkələrdən komandaların iştirakı gözlənilir.
Qeyd edək ki, bu və digər idman yarışlarının eləcə də əhəmiyyətli tədbirlərin “Azerspace-1” peyki vasitəsilə yayımlanması Qırğızıstanla “Azərkosmos” arasında davam edən əməkdaşlığın növbəti uğurlu addımı hesab olunur. 2015-ci ildən etibarən Qırğızısatnın ictimai kanalı KTRK kanalı da “Azerspace-1” peykinin resurslarından istifadə etməkdədir.