...

Bu il 30 minə yaxın avadanlığa idxal icazəsi verilib

Telekommunikasiya Materials 17 Oktyabr 2024 10:39 (UTC +04:00)
Bu il 30 minə yaxın avadanlığa idxal icazəsi verilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin aprel-sentyabr aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 231 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 29,564 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı edilən müraciətlərə baxılması təmin edilib.

Trend bu barədə İKTA-ya istinadən məlumat verir.

Qanunauyğun olaraq həmin müraciətlər üzrə 29,503 ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədi verilib.

Eyni zamanda 61 ədəd avadanlıq üzrə edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib olunmadığından düzəliş edilərək yenidən müraciət olunması üçün geri qaytarılıb.

Həmçinin 8 ədəd avadanlıq üçün edilən 3 müraciət qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir.

Qeyd edilən dövrdə hüquqi və fiziki şəxslər tərəfindən 74 adda 923 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğvi üçün müraciətlər edilib. Onlardan 914 ədəd avadanlıq üçün edilən müraciətə müsbət cavab verilib, 9 ədəd avadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdim edilmədiyi üçün düzəliş edilərək yenidən müraciət olunması barədə metodiki yardım edilib və verilmiş icazənin ləğvi üçün edilən müraciətlər üzrə 13 avadanlığın xüsusi icazəsi ləğv edilib.

Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” sistemi (https://e-permission.icta.az) istifadəyə verilib. Onlayn sistemin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib.

Həmçinin bu ilin yanvar-sentyabr ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq 440 müraciət üzrə lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğu yerində qiymətləndirilib. Nəticədə 432 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün uyğun şərait olduğu müəyyən edilib və həmin müraciətlərə müsbət cavab verilib. Digər 8 müraciətlə bağlı isə müsbət rəy verilməyib.

Bundan əlavə, 2024-cü ilin 3-cü rübü ərzində lisenziya verilməsi üçün 2 subyekt üzrə müxtəlif telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı təqdim edilən 2 müraciətə baxılaraq rəy verilib.

Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti