Bakı. Trend:
Ötən il ərzində 17 qanuna dəyişiklik layihəsi qəbul olunub. Bu, artıq 30-a yaxın sənədin rəqəmsal təqdim edilməsinin hüquqi əsaslarının təsbit olunmasına imkan verib.
Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bu gün rəhbərlik etdiyi qurumun illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla da artıq istər şəxsiyyət vəsiqəsi, istər sürücülük vəsiqəsi və digər sənədlərin məhz rəqəmsal formatda təqdim edilməsi üçün hüquqi əsas formalaşdırılıb.
"Qeyd olunmalıdır ki, mühüm uğurlardan biri məhz Elektron Hökumət İnformasiya Sisteminin əsasnaməsinin qəbul olunmasıdır. Bu da müvafiq xidmətlərin həm vətəndaş, həm dövlət seqmenti üçün mərkəzləşdirilmiş şəkildə təqdim olunması, məlumat həllərinin müəyyən olunması və digər mühüm komponentlər məhz bu əsasnamə ilə təsbit olunub", - F. Osmanov vurğulayıb.
