Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Ümumdünya Turizm Təşkilatının keçirdiyi turizm start-up müsabiqəsinə qoşulur.
Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, BMT-nin Ümumdünya Turizm Təşkilatı 20-dən çox ölkədə turizm sahəsində fəaliyyət göstərən mərkəzləri birləşdirən ispan-amerikan şirkəti olan “Qlobalia” şirkəti ilə tərəfdaşlıq çərçivəsində turizm start-up müsabiqəsini elan edib.
Müsabiqə miqyasına görə dünyanın ilk və ən böyük təşəbbüsü kimi turizm sahəsinə köklü dəyişikliklər gətirəcəyi gözlənilən ən uğurlu yanaşmaları taparaq yaranmaqda olan və hazırda trend olan yeni innovasiya və texnologiyaların tətbiqi üzrə, eləcə də dövri iqtisadiyyat kimi yeni biznes modelləri üzrə startapların dəstəklənməsinə istiqamətlənib.
Ümumilikdə, müsabiqənin əsas məqsədlərindən biri turizmdə davamlılığın təmin edilməsi yönündə töhfələr verəcək layihələrin üzə çıxarılmasıdır. Bu məqsədlə ən yaxşı təklif və layihələrin seçilməsi üçün dünyanın 164 ölkəsində, o cümlədən Azərbaycanda müsabiqə elan edilib.
Qlobal investorlar və korporasiyaların, turizm sahəsində fəaliyyət göstərən böyük şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti layihələri potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik və yenilikçilik, dayanıqlılıq meyarları üzrə qiymətləndirəcəklər.