...

Renate Held: Dünyada insan alverindən qanunsuz yollarla 150 milyard dollardan çox pul qazanılır

Siyasət Materials 22 Oktyabr 2014 19:10 (UTC +04:00)
Hazırda dünyada insan alverindən qanunsuz yollarla 150 milyard dollardan çox pul qazanılır. Bunların 99 milyardı cinsi istismardan, qalanı isə məcburi əməkdən əldə olunur. İnsan alveri dünyada 3-cü ən gəlirli sahə olaraq insanlara, ailələrə böyük zərbə vurur.
Renate Held: Dünyada insan alverindən qanunsuz yollarla 150 milyard dollardan çox pul qazanılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/

Hazırda dünyada insan alverindən qanunsuz yollarla 150 milyard dollardan çox pul qazanılır. Bunların 99 milyardı cinsi istismardan, qalanı isə məcburi əməkdən əldə olunur. İnsan alveri dünyada 3-cü ən gəlirli sahə olaraq insanlara, ailələrə böyük zərbə vurur. Trend xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Renate Held Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və BMqT-nin "İki balaca qız" adlı məlumatlandırma kampaniyasının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, BMqT 100-dən artıq ölkədə mindən çox layihə həyata keçirirərək insan alveri ilə mübarizə aparır. Təşkilat bu günədək insan alverinin qurbanı olmuş 65 mindən çox ailə, qadın və uşaqlara yardım göstərib: "Biz vətəndaş cəmiyyətinin potensialını artırmaq səylərini və maarifləndirmə işlərini davam etdiririk. İnsan alveri qurbanı olmuş şəxslərin müdafiəsini təşkil edir, ədalətin təmin olunmasına çalışırıq. Bu məsələdə insan alverinin qarşısının alınması, insanların qorunması və cinayətkarların məsuliyyətə cəlb olunması çox vacibdir".

R.Held ümid etdiyini bildirib ki, Azərbaycan hökuməti də bu sahədə öz səylərini əsirgəməyəcək.

Mərasimdə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəsi Serhan Aktoprak bildirib ki, insan alveri bütün dünyada aktual problemdir və onunla mübarizə sahəsində işlər mütəmadi aparılmalıdır.

Böyük Britaniyanın səfiri İrfan Siddiq qeyd edib ki, "İki balaca qız" filmi Avropanın bir çox ölkələrində nümayiş etdirilib və böyük uğur əldə edib: "Biz ümid edirik ki, həyata keçirilən bu kampaniya Azərbaycanda da müsbət nəticələr verəcək.

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik İmran Nəcəfov isə deyib ki, insan alveri problemi bütün dünya üçün aktualdır və Azərbaycan da regionda qabaqcıl yer tutan ölkə kimi bu sahədə fəal mübarizə aparır. O, bu sahədə hüquq-mühafizə orqanları tərəfindən görülən işlər barədə də məlumat verib.

Tədbirdə qeyd edilib ki, "İki balaca qız" real hadisələr əsasında hazırlanmış və insan alverinə qarşı qısa animasiya filmidir. Film artıq bir sıra ölkələrdə nümayiş etdirilərək böyük uğur qazanıb. Kampaniya 2009-cü ilin yanvarında başlayıb və 2015-ci ilə qədər davam edəcək. Bu kampaniya Böyük Britaniyanın bir sıra aparıcı xeyriyyə təşkilatı, xüsusilə, Comic Relief və Tudor Trust tərəfindən dəstəklənir.

Bu film Xəzər TV-də yayımlanacaq. Məqsəd əhalini insan alverinin riskləri və təhlükələri haqqında məlumatlandırmaq, bununla da cinsi istismar məqsədilə insan alveri ilə mübarizəni dəstəkləməkdir. Videoya əlavə olaraq, BMqT Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə insan alveri haqqında məlumatlandırmanı artırmaq məqsədilə təşkil edəcək silsilə seminarlarda "İki balaca qız" kampaniyasının əsas mövzularını təşviq edəcək.

Tədbirdə Azərbaycanın miqrasiya sahəsində fəaliyyət göstərən dövlət qurumlarının yüksək vəzifəli əməkdaşları, Azərbaycandakı səfirliklərin və beynəlxalq təşkilatların, həmçinin bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti