Öz xalqının taleyində müstəsna rol oynayan fenomenal şəxsiyyətlər xüsusilə cəmiyyətin milli və mənəvi birliyinə xidmət edən ideyaları və əməlləri ilə tarixdə əbədi yaşamaq haqqı qazanırlar. Millətə sevgi və ona xidmət etmək zərurətindən qaynaqlanan bu ideyalar cəmiyyətin inkişafı prosesində prioritet amilə çevrilməklə yanaşı, həm də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında birləşdirmək, milli ideallar uğrunda səfərbər etmək imkanı verir. Dünya sivilizasiyasına mühüm töhfələr vermiş Azərbaycan xalqı tarixin sərt sınaqları üzündən ötən əsrin 90-cı illərinədək vahid ideologiya əsasında təməli qoyulan dövlətçilik ənənələri formalaşdırmaq, milli mənafelər ətrafında birləşməkdən uzaq düşmüşdü. 1991-ci ilin oktyabrında müstəqilliyə nail olmuş Azərbaycanda cəmiyyətin parçalanma təhlükəsi, milli birlik və həmrəylik ideyalarının özünə yer tapmaması ciddi problemə, dövlətin inkişafını əngəlləyən amilə çevrilmişdi. Məhz bu səbəbdən 1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki qarşıdurmalar daha da kəskinləşərək siyasi böhrana gətirib çıxarmışdı. 1992-ci ildə dövlətə rəhbərlik edən naşı qüvvələr xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diaspor quruculuğuna diqqət yetirməmiş, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi, problemlərin həllində onların geniş potensialından istifadə edilməsinə etinasızlıq göstərmişlər. 1991-1993-cü illərdə müstəqil Azərbaycanın ideoloji-siyasi, təbliğati müstəvidə Ermənistana uduzması, bir-birinin ardınca baş verən ağır faciələri dünya ictimaiyyətinə vaxtında və obyektiv çatdıra bilməməsi məhz bu laqeydliyin nəticəsi kimi yaddaşlarda qalıb. Həmin illərdə informasiya blokadasını aradan qaldırmaq üçün Azərbaycan diasporunun imkanlarının səfərbər edilməməsi və lobbi quruculuğu sahəsində heç bir ciddi addımın atılmaması xarici siyasətdə problemlər yaratmışdı. Belə bir vəziyyətdə dövlətçiliyi xilas etmək məqsədilə özünün qüdrətli siyasətçi təcrübəsini əsirgəməyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıdışı tarixin Azərbaycan dövlətinə və xalqına zamanında yetirdiyi bir bəxşiş idi. Yalnız bu qayıdış Azərbaycan xalqını qarşıda gözləyən bəlalardan, uçurumlardan hifz etdi. Hakimiyyətə qayıtdıqdan sonra ulu öndərimiz Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın milli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. Ümummilli liderimiz cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürmüşdür. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən ulu öndərimiz yeritdiyi siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də ulu öndərin tarixi xidmətləri sırasında daxildir.
Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilmişdir. Ümummilli lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşmışdır. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirmişdir. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. Ulu öndər öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə almışdır. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda, milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Elə bu səbəbdən də ulu öndərimizin təməlini qoyduğu siyasəti bu gün də uğurla davam etdirən Azərbaycan hakimiyyəti 15 il ərzində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirmiş, bu sahədə ardıcıl siyasət yürütmüşdür. Elə 15 il əvvəl Azərbaycanın milli bayramları sırasına bir möhtəşəm tarix də əlavə olunmuşdur: 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Müstəqil Azərbaycan dövlətçiliyi üçün əlamətdar olan bu günün müəllifi də xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Bu tarix 1991-ci ilin 16 dekabrından başlanır. Həmin ağır dövrdə blokada şəraiti ilə üzləşərək mərkəzdən uzaq düşmüş Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri vəzifəsində çalışdığı vaxt ulu öndər Heydər Əliyev dünyanın bütün qütblərində yaşayan soydaşlarımızın milli maraqlar ətrafında bir araya gələrək düşdüyü çətin vəziyyətdən çıxmaqda Azərbaycana dəstək verməsi dahi siyasətçinin təsəvvüründə respublikanın xilasına yol açacaq vasitələrdən biri ola bilərdi. Elə bu məqsədlə də Heydər Əliyev Naxçıvan Ali Məclisinin 1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına üz tutdu. Onları birliyə, həmrəyliyə, Azərbaycanın köməyinə səslədi. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır". Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı kamil bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi. Məhz ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar çıxardı. Beləliklə, bu gün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi tarixə həkk olundu.
Diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycan ilə əlaqələrini genişləndirməkdən ibarətdir. Ulu öndər hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmiş, müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğılarına daim böyük həssaslıqla yanaşmışdır. Azərbaycanın diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər xarici ölkələrdəki səfirliklərimizi də diaspor quruculuğu prosesinə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştiraka istiqamətləndirmişdir. 1996-cı ildən başlayaraq ölkəmizdə aparılan islahatlar nəticəsində ictimai-siyasi sabitliyin bərqərar olması, bazar iqtisadiyyatının əsaslarının formalaşması, hüquqi dövlət quruculuğunun uğurla davam etməsi kimi mühüm proseslər dünyanın müxtəlif bölgələrinə səpələnmiş soydaşlarımızın diqqət mərkəzində olmuş, onlarda qürur və Vətənin işıqlı gələcəyinə ümid hisslərini artırmışdır. Məhz ümummili liderimizin sayəsində müstəqil Azərbaycan Respublikası tarixən müxtəlif ictimai-siyasi və mədəni proseslər nəticəsində dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün fəxarət, mənəvi dayaq və güvənc yerinə çevrilmişdir. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil birgə qüvvə təşkil etmək səylərinə ciddi fikir verir. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azəbaycan Resrublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin ətraflı müzakirəsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzalamış, həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmişdir. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkar siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir. Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Dövlət komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz paytaxtlarına gələ və öz problemlərini müzakirə edə bilərdilər. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq oldu. 2002-ci ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında" qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi. Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Həmçinin, imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi, gömrük güzəştləri nəzərdə tutulur. Bu qanun ölkəmizin diaspor və lobbi quruculuğu sahəsindəki fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən mühüm sənəd kimi təqdirəlayiqdir. Hazırda Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 300-dən çox birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında" 8 fevral 2006-cı il tarixli sərəncamında vurğulanmışdır ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Prezident İham Əliyev hər zaman bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir. Ölkə Prezidenti Azərbaycan diasporunun fəaliyyətini keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında keçirilən II qurultayda xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğıları bir daha nəzərdən keçirilmiş, Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələr müzakirə edilmişdir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində yeni vəzifələri müəyyənləşdirən bu qurultay ümumilikdə Azərbaycanın inkişafında, ən yeni tarixində əhəmiyyətli hadisəyə çevrilmişdir.
Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ümummilli liderimizin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır. Bu ideya möhkəm dayağa çevrilərək son 10 illikdə Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təkmilləşməsini stimullaşdırmışdır. Dövlət başçısı Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində dünyanın bütün ölkələrindəki Azərbaycan diasporu çox mütəşəkkil birləşib və onların fəaliyyət dairəsi daha da genişlənib. İndiki mərhələdə diasporumuzun qarşısında əsas məqsədlərdəm biri də yaşadıqları ölkədə digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq etmək, zərurət yarandıqla onlarla bir mövqedən çıxış edə bilmək və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onların dəstəyini qazanmaqdır. Bu baxımdan xarici ölkələrdə yaşayan soydaşlarımızın türk diaspor təşkilatları ilə əlaqələrini və birgə fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Tarixi proseslərin gedişi dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı və türkün qüvvəsinin iki dövlətin ümumi maraqlarının müdafiəsinə istiqamətləndirilməsini, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsini, onun intellektual potensialından istifadəni zəruri edir.
Qeyd etmək lazımdır ki, ulu öndər hələ keçmiş sovetlər dövründə türkdilli xalqların min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların qorunması üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli liderimiz Heydər Əliyev siyasi ab-havanın imkan verdiyi məqamlardan hər zaman milli kimlik və şüurun oyanışı üçün diplomatik tərzdə istifadə etməyi bacarmışdır. Ulu öndər Azərbaycanda ikinci dəfə dövlətə rəhbərlik etdiyi mərhələdə də türkdilli xalqlarla münasibətlərin genişləndirilməsinin vacibliyini böyük uzaqgörənliklə önə çəkmişdir. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə ulu öndərin, xüsusilə də Türkiyə ilə ən müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində əldə etdiyi nəticələr bunu bir daha təsdiq edir. Ümummilli lider Heydər Əliyev bu məsələlərlə ardıcıl məşğul olduğu mərhələdə türk dünyasının gələcəyi ilə bağlı sistemli konsepsiya müəyyənləşdirmişdir. Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemi tarixin gələcək dönəmlərində ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, bütün mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunmasına xidmət etməsi kimi məqamları özündə birləşdirmişdir. Ulu öndər bu məqsədlərin həyata keçirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, hakimiyyətə qayıdışından sonra Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətləri ən yüksək pilləyə yüksələrək, əbədi və dönməz xarakter almışdır. Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafı Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik" tezislərinin tam doğrulduğunu əminliklə söyləməyə əsas verir.
Müəllif: T.Hacıyev
20 Sentyabr
Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb
Layihə çərçivəsində hazırlanan yazılar aşağıdakı linqlərdir:
http://az.trend.az/news/society/diaspora/1751056.html