...

Qarşıya qoyulan vəzifələri uğurla icra edən sabitlik və inkişaf məkanı - Azərbaycan

Nəzər nöqtəsi Materials 2 Yanvar 2020 14:05 (UTC +04:00)
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan 2019-cu ildə bir sıra sahələrdə olduqca mühüm nailiyyətlər əldə etdi
Qarşıya qoyulan vəzifələri uğurla icra edən sabitlik və inkişaf məkanı - Azərbaycan

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan 2019-cu ildə bir sıra sahələrdə olduqca mühüm nailiyyətlər əldə etdi. Bu nailiyyətlər iqtisadi, siyasi, mədəni, sosial və s. kimi sahələri geniş şəkildə əhatə etməkdədir.

Bunu Trend-ə açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Onun sözlərinə görə, ötən il ərzində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi: "Buna nümunə kimi bir sıra beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibliyi etməsini göstərmək olar. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü, Qoşulmama Hərəkatının Zirvə Görüşü, Dünya dini liderlərinin Zirvə görüşü Azərbaycanın paytaxtı Bakı şəhərində keçirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana həvalə edildi. Həmçinin, BMT-dən sonra dünyada ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatının Zirvə Görüşündə 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcək. Bunlar onun göstəricisidir ki, Azərbaycan dünya dövlətləri arasında özünü etibarlı tərəfdaş kimi sübut etməyə müvəffəq olmuş, eyni zamanda dünyada sabitlik məkanı kimi tanınmışdır".

Politoloq qeyd edib ki, bununla yanaşı, mövcud amil Azərbaycanın beynəlxalq müstəvidə artan rolundan və nüfuzundan xəbər verir: "Qoşulmama Hərəkatının Zirvə Görüşü çərçivəsində yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunmuşdur. Belə ki, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəklərini ifadə etməklə yanaşı, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı həmrəylik nümayiş etdirmişlər. Bununla da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olundu.

Bütövlükdə, 2019-cu il tarixə əsaslı islahatlar ili kimi daxil oldu. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar Azərbaycanın gücünü daha da artırmışdır. Regional və beynəlxaq layihələrin uğurlu icrası bu il də davam etdirilmiş, bir sıra böyük nailiyyətlər əldə olunmuşdur. Belə ki, Cənub Qaz Dəhlizi layihəsinin dörd fazasından biri hesab olunan TANAP layihəsi istismara verildi. Layihənin dördüncü və ən sonuncu fazası hesab edilən TAP da uğurla icra olunmaqdadır. TAP üzrə işlərin 90%-dən çoxu uğurla yekunlaşdırılıb. Bununla da gənc dövlət olmasına baxmayaraq Azərbaycan Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızmaqla yanaşı, bu bölgələrə əhəmiyyətli dərəcədə xeyir verməkdədir".

Ş.Həsənova vurğulayıb ki, sosial sahədə də əhəmiyyətli uğurlar əldə olunub: "Bu baxımdan, dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan son dərəcə əhəmiyyətli addımlardır. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği keçən il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Beləliklə də ötən ildə baş tutan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış oldu. Bütövlükdə, ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə etmiş, baş tutan bu iki sosial paket nəticəsində minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı üçün dövlət tərəfindən illik 2 milyard manat vəsait ayrılmışdır. Bu, bir daha onu göstərir ki, cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.

Nəticə olaraq, 2019-cu ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurla icra edildi. Azərbaycan bu gün də öz inkişaf yolu ilə uğurla irəliləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti